Ariel Koen: “ABŞ-ın Qarabağa münasibətdə fəaliyyətsizliyi Rusiyanın təsir sahəsini gücləndirməyə kömək edəcək”
“Azərbaycanla Ermənistan arasında kövrək atəşkəs rejimi hələlik saxlanılır. Lakin bu tarazlıq istənilən an dağıla bilər və Cənubi Qafqaz, eləcə də onun hüdudları üçün ciddi nəticələr doğura bilər. Və hələ ki, ABŞ seçkilərlə məşğul olduğu üçün Rusiya yəqin ki, bu fürsətdən istifadə edərək cənub cinahda öz təsir sahəsini gücləndirəcək”.
Bu haqda Amerikanın xarici siyasət üzrə aparıcı analitiki Ariel Koen “Huffington Post” saytında dərc olunan məqaləsində qeyd edir.
“Təəssüflər olsun ki, ABŞ və Qərb münaqişənin regional aspektlərinə etinasız yanaşdılar. Bu da Rusiya, Türkiyə, İran, Avropa İttifaqı və ABŞ-ın maraqlarının toqquşacağına imkan verə bilər”, - “Atlantic Council” mərkəzinin analitiki Ariel Koen yazır.
O, qeyd edib ki, Rusiya münaqişənin hər iki tərəfinə silah sataraq sülh ritorikasından istifadə edir. Ermənistanda Rusiyanın hərbi iştirakı bir neçə on illiklər boyu möhkəmləndirilir. Yaxın günlərdə münaqişə zonasında baş verən toqquşma müəllifin fikrincə, Moskvanın burada Rusiya sülhməramlılarının yerləşdirilməsinə bəraət qazandırar ki, bu da Kremlə münaqişə üzərində tamamilə nəzarəti ələ almağa kömək edər.
“Rusiya həmçinin, regional nəqliyyat marşrutlarını inkişaf etdirərək, Gürcüstan, Azərbaycan və İranla dəmir yolu infrastrukturunu birləşdirir. Bununla da Rusiya Şimal-Cənub dəhlizini yaradır. Daha bir dəmir yolu Rusiyadan Abxaziyaya, Gürcüstandan da Ermənistana, daha sonra isə İrana qədər uzanır.
Regionda hərbi potensialın artırılması Rusiyanın Avropa ilə Mərkəzi Asiya arasındakı Azərbaycan və Gürcüstandan keçən Şərq-Qərb dəhlizi layihəsini, eləcə də Cənub Qaz Dəhlizini dağıtmağa imkan verə bilər.
Dağlıq Qarabağ münaqişəsi 1 milyon barrelə qədər Azərbaycan neftini ötürən Bakı-Tbilisi-Ceyhan boru kəmərinə, eləcə də Gürcüstan və Türkiyəyə qaz tədarükünə də təhlükə yaradır. Həmçinin münaqişə TANAP/TAP boru kəmərlərinin tikintisindən sonra Avropaya nəqlinə də mane ola bilər.
Təəssüflər olsun ki, ABŞ və Avropa xəritələrə baxmaqdan inadla imtina edir və sadəcə sözlərlə oynamaq əvəzinə, Qərbin maraqlarının müdafiəsi üçün heç nə etmirlər, deyə A.Koen yazır. İstər ABŞ, istərsə də AİFransa Minsk qrupunun həmsdərləri kimi münaqişənin həlli və yeni qarşıdurmaların dəf edilməsi üçün tamamilə təsirsizdirlər”.
Müəllif ABŞ-ın regionda iştirakını süst, maraqsız adlandırıb. Nümunə üçün o, məqaləsində yazır ki, Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti zamanı prezident Obama ilə Azərbaycan və Ermənista prezidentlərinin üçtərəfli görüşü keçirilmədi. ABŞ-ın vitse-prezidenti Co Baydenlə prezidentlər İlham Əliyev və Serj Sarkisyanın ayrıca görüşü toqquşmaların qarşısını almağı bacarmadı.
A.Koen qeyd edir ki, ABŞ-ın hər iki partiyadan olan prezidentliyə namizədləri arasında elələri var ki, “Azərbaycan” sözünü düzgün tələffüs edə bilmirlər, Dağlıq Qarabağın xəritədə harada yerləşdiyini hələ söyləmirəm.
“Hətta aprelin əvvəlində baş verən hərbi əməliyyatlardan sonra Obama administrasiyasının iştirakı son dərəcə süstdür. Hadisələrin bu vəziyyətdə yer alması Rusiyanı diplomat-vasitəçi rolunda iştirak etməsinə sövq etdi. Sonuncu atəşkəs rejiminin əldə olunması Minsk qrupunun iştirakı olmadan, birbaşa olaraq Rusiyanın nailiyyətidir”, - Koen yazır.
Müəllifin fikrincə, bu, Rusiyanın beynəlxalq təcriddən çıxaraq dünyanın diqqətini “Panama sənədi”nin hissələrindən çəkməyə kömək edəcək. Koen əmindir ki, ABŞ və Avropa tərəfindən marağın göstərilməməsi Rusiyaya “neosovet” təsir imkanlarını bərpa etməyə də imkan verəcək.
“Uzunmüddətli perpektivdə bu, sözsüz ki, nə ABŞ-ın, nə də avropalı müttəfirləri ilə Türkiyənin maraqlarında deyil. Bundan nə postsovet ölkələri, eləcə də getdikcə Rusiyanın irsi torpaqlarına çevrilən Ermənistan da qazanc əldə etməyəcək”, - Koen sonda bildirib.
1news.az