Dövlət Komissiyası: Axtarış tədbirləri nəticəsində bir erməni hərbçinin meyiti aşkarlanıb
Aprelin 2-dən 5-dək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hər iki tərəfə aid hərbçilərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan axtarış tədbirləri nəticəsində qarşı tərəfə aid bir hərbçinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılıb.
1news.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından daxil olmuş məlumatda bildirilir ki, bu barədə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və hazırda bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işləri davam etdirilir.
Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.
Aprelin 5-də saat 12:00-dan etibarən təmas xəttində hərbi əməliyyatlar dayandırılıb.
1news.az