Fransada Azərbaycan mədəniyyət günləri keçirilib – FOTO
Bu günlərdə Fransanın Altkirş, Evian Montero şəhərlərində Azərbaycan mədəniyyətininin təbliği istiqamətində silsilə tədbirlər keçirilib.
1news.az-ın məlumatına görə, Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Fransadakɪ səfirliyi Paris Azərbaycan Evi və qeyd edilən şəhərlərin meriyalarının dəstəyi ilə keçirilən və iki hissədən ibarət olan tədbirlərdə Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin fotoları, rəssam Mehri Quliyevanın əsərlərindən ibarət sərgi təşkil edilib və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilib.
Tədbirlərin açılış mərasimində Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxış edərək, Azərbaycan haqqında məlumat verib, ölkəmizin müstəqil dövlət kimi gənc olmasına baxmayaraq artıq regionda və beynəlxalq aləmdə layiqli yer tutduğunu diqqətə çatdırıb.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan J.F.Mansel Ermənistanın son günlər cəbhə bölgəsində vəziyyəti gərginləşdirdiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsinin vacib olduğunu bildirib. O, daha sonra tolerant ölkə olan Azərbaycanın Fransa ilə yüksək əlaqələrindən, Azərbaycan mədəniyyətinin Fransada daha geniş tanıdılması üçün rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyətindən danışıb və ölkəmizi daha yaxından tanımaq üçün fransızları Azərbaycana səfərə dəvət edib.
Azərbaycan mədəniyyətinin dost ölkə olan Fransada genişmiqyaslı təbliğinə və təşkil edilən silsilə mədəni tədbirlərə görə Azərbaycanın Dostları Assosiasiyasına və qeyd edilən şəhərlərin meriyalarına təşəkkürünü bildirən Azərbaycan Respublikasının Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın dini rəngarənglik, tolerantlıq nümunəsi olduğunu qeyd edib. O, 2016-cı ilin Azərbaycanda dövlət səviyyəsində “Multikulturalizm ili” elan edildiyini xatırladaraq, ölkəmizin çoxqütblü dünyaya və sivilizasiyalararası dialoqa verdiyi önəmli töhfələrdən danışıb.
Altkirş şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jan-Luk Reitzer, Evian merinin müavini Jozian Lei və Montero şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı İv Yeqo Azərbaycan mədəniyyət günlərinin öz şəhərlərində keçirilməsindən, zəngin Azərbaycan mədəniyyətinin şəhər sakinlərinə tanıdılmasından məmnun olduqlarını qeyd edib, həmçinin, gələcəkdə də bu cür tədbirlərin davam etdirilməsini arzuladıqlarını bildiriblər.
Fransız tamaşaçılar Azərbaycana aid təşkil edilmiş sərgini yüksək dəyərləndirib, milli rəqslərimiz böyük maraq və coşqu ilə qarşılayıb.
Tədbirlər zamanı iştirakçılara Heydər Əliyev Fondunun Azərbaycana aid fransız dilində nəşr etdirdiyi çoxsaylı kitab və broşürlər paylanıb.
1news.az