İlham Əliyev İslam Əməkdaşlığı Təşkilatının sammitində iştirak edir
Bu gün İstanbulda İslam Əməkdaşlığı Təşkilatına (İƏT) daxil olan ölkələrin dövlət və hökümət başçılarının XIII sammiti öz işinə başlayıb.
1news.az xəbər verir ki, İƏT-ə daxil olan ölkələrin dövlət və hökumət başçıları iştirak etdiyi sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Azərbaycan dövlət başçısı İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da sammitdə iştirak edirlər.
“Ədalət və sülh üçün birlik və əməkdaşlıq” devizi ilə keçirilən zirvə toplantısında Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şukrinin hesabat məruzəsi dinlənilib.
Sonra Sammitdə İslam Əməkdaşlıq Təşkilatına sədrlik Misirdən Türkiyəyə keçdi.
Zirvə toplantısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə işini davam etdirir.
Qeyd edək ki, sammitlə əlaqədar İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəsizliyi təmin etmək üçün əlavə 5 min polis əməkdaşı cəlb olunub.
1news.az