Fərəc Quliyev: “Ermənistan atəşkəsə əməl etməsə, müharibə fəal fazaya keçəcək”
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya və Azərbaycan arasında əldə olunmuş anlaşmanın şərtləri Azərbaycanın dövlət maraqları kontekstindən kənara çıxacağı halda hərbi əməliyyatlar yenidən başlaya bilər.
1news.az-ın məlumatına görə, bunu Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son günlərdə yürütdüyü siyasəti şərh edərkən deyib.
Millət vəkili bildirib ki, Rusiyanın baş naziri Dmitri Medvedevin Azərbaycan səfərində müəyyən razılaşmanın olması, lakin şərtlərin nəzərdən keçirilmə mərhələsində olduğu və tərəflər arasında müvafiq sənədin yaxın günlərdə imzalanacağı da gələn məlumatlar arasındadır:
“Rəsmi Bakının da beynəlxalq təşkilatlar, Rusiya və ABŞ-ın çağırışlarına cavab olaraq əməliyyatları dayandırarkən əsas tələbi bu oldu ki, danışıqlar nəticə verməsə, Azərbaycan əməliyyatlara yenidən başlayacaq. Görünən də budur ki, Azərbaycan gözləmə mövqeyindədir və yaranmış sakitlikdən istifadə edən Ermənistan diplomatik variantın nəticə verdiyini görərək, münaqişə dönəminin son güllələrini atır. Ekspertlər bunu Azərbaycana uduzan Ermənistanın cığallığı kimi də qiymətləndirirər”.
Atəşkəs elan olunduqdan sonra Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmaqda davam etdiyini deyən F.Quliyevin sözlərinə görə, Azərbaycan cavab atəşilə düşməni susdurub:
“Cavab atəşləri var, sadəcə, müharibənin fəal fazaya keçməsi məsələsi yoxdur. Göründüyü qədər Azərbaycan böyük dövlətlərin və beynəlxalq təşkilatların çağırışlarına əməl edir. Əgər onlar danışıqlar yoluyla məsələni həll etməyə çalışırlarsa, Ermənistan tərəfə də bəhanə verməməlidirlər. Hesab edirəm ki, mövcud vəziyyət çox çəkməyəcək. Danışıqlar nəticə verməsə, Ermənistan atəşkəs rejiminə əməl etməsə, Azərbaycan tərəfi müharibəni fəal fazaya keçirəcək”.
F.Quliyev Rusiyanın bu məsələlərdə iştirakından daha çox, Azərbaycanın “Biz bir müddət atəşi saxlayırıq, buyurun tədbirlər görün” kimi gözləntiyə söykəndiyini düşündüyünü bildirib:
“Rusiya son davranışlarında normal hərəkətlər etmədi. Medvedev bölgəyə səfərindən Moskvaya qayıdan kimi “Mən itkilərə yol açan müharibədənsə, mövcud status-kvonun saxlanılmasını istəyirəm”, - dedi. Bu, Rusiyanın vaxt uzatması, bölgəyə bazar kimi baxması, regionda öz nüfuz dairəsini qorumaq cəhdləridir.
Rusiyalı diplomatlar məsələyə münasibətlərində Kremlin maraqları kontekstindən çıxış edirlər. Buna görə də düşünmürəm ki, atəşkəsin elan olunmasından sonra Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın hərbi əməliyyatlara başlamaması Rusiya ilə bağlıdır. Azərbaycan öz maraqlarına uyğun olaraq ehtiyatlı davranır. Rusiyanın da şərtlərinin olması istisna deyil. Rusiya müəyyən təkliflər daxilində sülh sazişinin imzalanmasında rol oynaya bilər, amma bu təkliflər Azərbaycanın milli maraqlarına uyğun deyilsə, bunlar heç vaxt qəbul olunmayacaq”.
1news.az