Sabirabadda “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib – FOTO
Aprelin 16-da Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib.
1news.az-ın məlumatına görə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “ASAN xidmət” və Sabirabad Rayon İcra Hakimiyyətinin işçi heyəti iştirak edib.
Seminarı Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Siyasi Araşdırmalar İnstitutunun direktoru, millət vəkili Elman Nəsirov, Elmi-Təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli aparıblar.
Qeyd edək ki, 31 yanvar 2013-cü il tarixində Dövlət İdarəçilik Akademiyası ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu günə kimi memorandum sayəsində “İnnovativ idarəetmə görüşü”, “İ-club”, müxtəlif layihə və tədbirlər həyata keçirilibdir. Baş tutan seminar isə bu əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyır və bütün “ASAN xidmət” mərkəzlərində keçirilməsi nəzərdə tutulub.
1news.az