Lerikdə sel sularının vurduğu ziyanın nəticələri aradan qaldırılır – FOTO
Aprelin 16-da axşam saatlarından başlayaraq Lerik rayonuna yağan leysan yağışlarının yaratdığı sel suları rayonun bur sıra dağətəyi yaşayış məntəqələrində fəsadlar törədib.
1news.az-ın məlumatına görə, sel suları daha çox rayonun Vizəzəmən və Şingədulan ərazi vahidliyinə daxil olan kəndlərin sakinlərinin təsərrüfatlarına ziyan vurub.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov AZƏRTAC-a bildirib ki, rayonda baş vermiş təbii fəlakətin nəticələrinin qaldırılması və dəymiş ziyanın hesablanması işlərinə başlanılıb.
İlkin hesablamalara görə, 50-yə yaxın fərdi yaşayış evinə, 100 hektardan çox taxıl, 200 hektaradək kartof əkini sahələrinə ziyan dəyib. Vətəndaşlara məxsus 50 başadək mal-qara, qoyun-quzu, xeyli sayda ev quşları tələf olub, Təbrizli kəndindəki dəmir konstruksiyalı körpü və 9 piyada körpüsü sıradan çıxıb.
Sel suları Lerikin turizm obyektlərindən də yan keçməyib. Kotteclərin içərisinə dolan sel suları otaqları, əyləncə mərkəzlərini, oyun meydançalarını yararsız vəziyyətə salıb.
Rayonun bir neçə yerində baş verən torpaq sürüşmələri kəndarası yolların bağlanmasına səbəb olub. Yerli qurumların səyləri ilk növbədə həmin yolların gil və torpaq qatından təmizlənməsi, nəqliyyatın hərəkətinin bərpası istiqamətində tədbirlər görülməsinə yönəlib.
Lerikə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin mütəxəssislərinin dəvət edildiyini vurğulayan H.Məlikov bu qurum tərəfindən həm rayona dəymiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görüləcəyini, həm də dəymiş ziyanın miqdarının hesablanacağını bildirib.
1news.az