Bu gün Bakı Metropoliteninin iki stansiyası açılır
Bu gün Bakı Metropoliteninin bənövşəyi xəttinin iki stansiyası – “Avtovağzal” və “Memar Əcəmi” stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
1news.az-ın "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, “Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq.
Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq. "Memar Əcəmi-2"-də eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır və eskalatorun sayı 17-dir. Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən "Yaşıl" və "Bənövşəyi" xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcək. "Memar Əcəmi-2" - "Bənövşəyi xət"dən mövcud "Yaşıl xətt"ə keçid stansiyası rolunu oynayacaq. Sərnişinlər buradan "Memar Əcəmi" stansiyasına keçməklə, "Yaşıl xətt"ə daxil olan stansiyalardan istifadə edə biləcəklər. Stansiyada 7 vaqonlu qatarların olması nəzərdə tutulub, amma ilkin olaraq 5 vaqonlu qatarlar hərəkət edəcək.
"Bənövşəyi xətt" 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzanacağı planlaşdırılır.
Eyni zamanda, "Avtovağzal" stansiyasının 8 giriş-çıxışı olacaq. Burada 20 eskalator və 8 travelator, həmçinin, fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. Hər iki stansiya və bundan sonra "Bənövşəyi xətt" üzrə tikiləcək stansiyaların paltformasının uzunluğu 144 metrdir. "Avtovağzal" stansiyasında iki ədəd piramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə, Biləcəri istiqamətində, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.
İki yeni stansiyanın açılışı ilə Bakı Metropolitenini stansiyalarının sayı 25-ə çatacaq.
1news.az