Bakının Nizami rayonundakı bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq - FOTO
Bakı şəhərinin Nizami rayonu Bəkir Çobanzadə küçəsinin sonuncu hissəsində təmir işləri aparılır. Uzunluğu 2,4 km olan yol Naxçıvanski küçəsi ilə kəsişmədən Babək prospektinə qədər olan 700 metrlik ərazini əhatə edir. Küçənin ortalama eni isə 15 metrdir.
Bu barədə 1news.az-a "Azəravtoyol" ASC-dən daxil olan məlumatda bildirilib.
Təmir işləri zamanı köhnə səki daşları yeniləri ilə əvəzlənir. Küçəboyu 1 400 poqon metr yeni səki daşı düzüləcək. Daha sonra yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi istiqamətində işlər həyata keçiriləcək. Ümumilikdə, ikiqat olmaqla 10 min kv. m sahə asfaltlanacaq.
Bundan başqa, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətiriləcək, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənəcək və mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanacaq.
Qeyd edək ki, B.Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişmədən Babək prospektinə qədər olan hissəsində təmir işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq məhdudlaşdırılacaq.
1news.az