Ölkənin davamlı inkişafında korporativ idarəetmənin rolu müzakirə edilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Korporativ idarəetmə: realliqlar və perspektiv imkanlar” mövzusunda elmi seminar keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Seminarın təşkilinin məqsədi son dövrlərdə iqtisadi qloballaşma proseslərinin dərinləşməsi və baş verən qlobal maliyyə-iqtisadi böhran şəraitində korporativ idarəetmə sahəsinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı fikir və təcrübə mübadiləsi aparmaqla perspektiv imkanların öyrənilməsi idi.
DİA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov ölkənin davamlı inkişafında korporativ idarəetmənin rolunu xüsusi qeyd edib. Bu sahədə əldə edilmiş uğurlarla yanaşı, bir çox məsələlərinin həllinin vacibliyini vurğulayan rektor bu baxımdan seminarın böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM direktoru Cavanşır Abdullayev “Korporativ idarəetmə: Azərbaycan təcrübəsi”, İqtisadiyyat Nazirliyinin korporativ idarəetmə sektorunun müdiri Anar Hacizadə “Korporativ idarəetmə sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər”, DİA-nın dosenti Murad Bağırzadə “Yeni iqtisadi şəraitdə korporasiyaların strateji idarəedilməsinə müasir yanaşmalar” mövzularında təqdimatlar etdilər.
Sonra İqtisadiyyat Nazirliyi, ABTM, Qafqaz Strateji Tədqiqatlar İnstitutu, AMEA-nın İqtisadiyyat İnstitutu, TuranBank, YapıKredi Bank, AFBBank, Azərbaycan Sənaye Bankı (ASB) və DİA-nın müəllim, magistrant və doktorantlarının iştirakı ilə geniş müzakirələr aparılıb, perspektiv imkanlar öyrənilib. Təşkilatlarla elmi istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.
1news.az