BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları forumun əhəmiyyətini vurğululayıblar - FOTO
Bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən yerli və xarici nümayəndələr öz çıxışlarında forumun əhəmiyyətini vurğulayıblar.
Bu haqda 1news.az AZƏRTAC-a istinadla nümayəndlərin çıxışlarını diqqətinizə çatdırır:
“Bakı Forumu Azərbaycanın regionda sülh və tərəqqini qoruyub saxlamağa marağını bir daha sübut edir. Ermənistan bölgədəki ölkələr üçün xaos və zorakılıq təhlükəsi yaradır. Dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini daha qətiyyətlə müdafiə etməlidir”.
Bu sözləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən ABŞ-ın Viskonsin ştatının Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyz jurnalistlərə müsahibəsində bildirib.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini yüksək qiymətləndirən ekspert qeyd edib ki, bu cür tədbirlər Azərbaycanın regionda sülh və tərəqqini qoruyub saxlamağa marağını bir daha sübut edir.
“Forum sülhü, sabitliyi, iqtisadi inkişafı və sivilizasiyalararası dialoqu daha da inkişaf etdirmək üçün mühüm platformadır. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, həmçinin Azərbaycan xalqının son iyirmi ildə yaşadığı problemləri bir daha dünya ictimaiyyətinə çatdırmalıdır”, - deyə amerikalı ekspert vurğulayıb.
Adambaşına düşən qaçqınların sayına görə Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirən P.Teyz Ermənistanın beynəlxalq hüququ pozduğunu diqqətə çatdırıb. Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Naxçıvanın blokadaya məruz qaldığını vurğulayan ekspert bunun bölgə üçün ciddi təhlükə yaratdığını qeyd edib.
“Biz Azərbaycan rəhbərliyinin dəstəyindən olduqca məmnunuq. Biz Azərbaycan rəhbərliyinin və Azərbaycan hökumətinin dəstəyindən olduqca məmnunuq və buna görə minnətdarıq”.
Bu sözləri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirib.
Nasir Əbdüləziz Əl-Nasir BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun çox həssas və əhəmiyyətli bir dönəmdə keçirildiyini qeyd edib.
“Biz müxtəlif millətlər, icmalar və cəmiyyətlər arasında dialoq və tolerantlıq, eləcə də bir-birinə hörmət təşviq etməyə çalışırıq. Mən bilirəm ki, mədəniyyətlərarası və dinlərarası sahələrdə Azərbaycan fəal rol oynayır və bu Forumun Bakıda keçirilməsindən çox şadam”, - deyə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi vurğulayıb.
“Müasir dövrdə gənclər ictimai həyatın bütün sahələrinə daha çox cəlb olunmalıdır.Gənclər cəmiyyətin aparıcı qüvvələridir. Buna görə də onlar ictimai həyatın bütün sahələrinə daha çox cəlb olunmalıdır”.
Bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Rusiya Federasiyasının Sibir Federal Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Olqa Kuznetsova bildirib.
O.Kuznetsova qeyd edib ki, müxtəlif millətlərin nümayəndələri, xüsusilə gənclər bir-birləri ilə yaxından əlaqə qurmalı və digər mədəniyyətlərlə tanış olmalıdır.
Dünyanın müxtəlif ölkələrini təmsil edən ziyalıları, ekspertləri bir araya gətirən bu cür tədbirlərin əlaqələrin qurulmasında mühüm rol oynadığını vurğulayan O.Kuznetsova Forumda gənclərin təhsili ilə bağlı çıxış edəcəyini bildirib.
“Sülh naminə təhsil, mədəniyyət və digər mühüm sahələr haqqında müzakirələr çox vacibdir”.
Bunu BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçısı, İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət, sosial və ailə məsələləri Departamentinin baş direktoru Mehla Talebna deyib.
M.Talebna qeyd edib ki, gənclər bütün inkişaf sahələrində mühüm rol oynayır. Uşaqlar hələ balaca yaşlarından hər kəsə hörmət etməli, eyni zamanda, öz hüquqlarını da bilməlidirlər. Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir.
Ölkəmizdə ikinci dəfə səfərdə olan qonaq BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Azərbaycanın ev sahibliyini yüksək qiymətləndirib, tədbirin qarşıya qoyulan məqsədlərə çatmaq işinə töhfə verəcəyini vurğulayıb.
“Bu forumlar gənclərin iştirakının ən yüksək səviyyədə təmin olunduğu mühüm platformadır. Dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı gənclərin Bakıda toplaşması qarşıda duran problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. BMT Sivilizasiyalar Alyansının forumları artıq ənənəvi hal alıb və bu, gənclərin iştirakının ən yüksək səviyyədə təmin olunduğu mühüm platformadır”.
Bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunda çıxış edərkən deyib.
Azərbaycanda gənclər sahəsində mühüm tədbirlərin həyata keçirildiyini, ölkəmizin gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəklədiyini qeyd edən Azad Rəhimov bildirib ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə bu il Avropa Gənclər Paytaxtı seçilib.
Azərbaycanda, həmçinin digər beynəlxalq tədbirlərin, o cümlədən skautların forumunun da təşkil edildiyini diqqətə çatdıran nazir deyib: “Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu yaradılıb. Bu Fond gənclərin fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm fəaliyyəti təmin edir”.
Nazir qeyd edib ki, bütün bunlar Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi tədbirlərin göstəricisidir.
Mövzu ilə əlaqədar oxuyun:
Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu öz işinə başlayıb
Azərbaycanlı nazir Sivilizasiyalar Alyansının Qlobal Forumu barədə müsahibə verib
Nasir Əbdüləziz Əl-Nasir: “Bakı Forumu qarşıda duran məqsədlərə çatmaq yolunda qətiyyətli addımdır”
1news.az