Azərbaycan və türk icmaları ABŞ-da birgə aksiya keçirib – FOTO
Aprelin 24-də Florida ştatının Mayami şəhərində yaşayan Azərbaycan və türk icmaları Ermənistan dövlətinin təcavüzkar siyasətinə qarşı etiraz aksiyası keçirib.
1news.az-ın məlumatına görə, Türkiyə Respublikasının Mayamidəki konsulluğu qarşısında keçirilən nümayiş ABŞ-dakı türk icmasının təşəbbüsü ilə baş tutub.
Aksiya Türkiyə və Azərbaycan hərbi marşının ifası ilə başlayıb. İştirakçılar əllərindəki plakatlarda “Xocalı uşaqlarını xatırla!”, “1915-ci ildə ermənilər 550 000 türkü öldürüb”, “ABŞ Ali Məhkəməsi erməni iddialarını rədd edir”, “Uşaqlarınıza nifrət yox, sülh və sevgi öyrədin!”, “Erməni yalanına qarşı ayağa qalx!” kimi şüarlar səsləndiriblər.
Çıxış edən hər iki qardaş ölkənin nümayəndələri Ermənistanın işğalçılıq siyasətini pisləyib, ermənilərin tarixən azərbaycanlılara və türklərə qarşı törətdikləri cinayət aktları barədə məlumat veriblər. Onlar, həmçinin, beynəlxalq birliyi Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirməyə çağırıblar.
Qeyd edək ki, nümayişdə Florida ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə İmanova və icma nümayəndələri də iştirak edib.
1news.az