Mübariz Əhmədoğlu: “Lavrov Rusiya Müdafiə Nazirliyini bilərəkdən alçaltdı”
Rusiya XİN başçısı Sergey Lavrov 1994-cü ildə imzalanmış sənədi əsas götürərək 2016-cı ilin aprelində yaranmış yeni reallığı bir növ arxa plana keçirməyə çalışdı.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərini şərh edərkən deyib:
“Rusiya xarici işlər naziri S.Lavrov Yerevanda təyyarədən düşən kimi maraqlı manevr etdi. Gecə yarısı Rusiya Xarici İşlər Nazirliyi 1994 və 1995-ci ildə imzalanmış atəşkəs rejimi haqqında müqavilələrin müddətsiz olduğunu və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini bildirdi.
Maraqlıdır ki, Rusiya XİN başçısı 1994-cü ildə imzalanmış sənədi əsas götürərək 2016-cı ilin aprelində yaranmış yeni reallığı bir növ arxa plana keçirməyə çalışdı. Xatırladaq ki, Moskvada RF Müdafiə Nazirliyinin iştirakı ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin müavinləri səviyyəsində imzalanmış razılaşma məhz ikitərəfli razılaşmadır.
Ermənilərin uzun müddətdir ardıcıl cəhdlərinə baxmayaraq, Dağlıq Qarabağın tərəf kimi növbəti dəfə sıradan çıxması onların ciddi itkisi hesab olunur. Ehtimal ki, S.Lavrov da bu itkini doldurmağa çalışdı. Ona görə Yerevanda təyyarədən düşən kimi RF XİN müvafiq məlumat yaydı”.
S.Sərkisyanla görüşdə də Lavrovun Azərbaycan, Ermənistan və qarabağlılar ifadəsini işlətməsinə diqqət çəkən politoloqun sözlərinə görə, S.Lavrov gənc deyil, dünyanın ən təcrübəli diplomatlarındandır. Amma bu məsələdə onun təcrübəsi dünya erməniliyinin maraqlarının müdafiəsinə yönəldi:
“Hətta bununla Rusiya Müdafiə Nazirliyinin vasitəçiliyi ilə imzalanmış və bir növ Rusiyanın sülhpərvər imicinin yüksəlməsinə xidmət edən addımı heçə endirməkdən belə çəkinmədi. RF xarici işlər naziri S.Lavrovun 1994-95-ci illərdəki müqavilələrin qüvvədə olmağını qeyd etməsi, onun Müdafiə Nazirliyinin iştirakı ilə iki tərəf - Azərbaycan və Ermənistan arasında 2016-cı il 5 aprel razılaşmasını heçə sayması deməkdir.
Digər tərəfdən, Rusiya Azərbaycana külli miqdarda silah satır ki, bu da erməniləri ciddi narahat edir. S.Lavrov da ermənilərin bu məsələdə maraqlarının təmin olunması üçün hansısa addım atmalıydı. Ona görə o, RF Müdafiə Nazirliyini hədəf seçməklə lazımi mesajı verdi”.
Göründüyü kimi, S.Lavrovun Ermənistana səfəri zamanı maksimim şəkildə ermənilərin ruh düşgünlüyünü aradan qaldırmağa çalışdığını deyən M.Əhmədoğlu bildirib ki, yəqin elə buna görə də, o, prezident V.Putinin təklif etdiyi münaqişənin həll variantını müzakirəyə çıxarmadı:
“S.Lavrov Putinin variantını müzakirəyə çıxaracağının əlaməti bəllidir: O, ilk növbədə S.Sərkisyandan 2014-cü ilin sentyabrında Soçidə V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın xüsusi statusuna dair təklifini rədd etməsinin səbəbini araşdıracaq. Yalnız bundan sonra S.Lavrov səmimi şəkildə prezidenti V.Putinin Ermənistan üzrə tapşırıqlarını yerinə yetirəcək.
Hər halda Lavrovun RF Müdafiə Nazirliyini aşağılaması Kremlin diqqətini cəlb etməlidir. İki vacib nazirlik arasında açıq narazılıq yetişir. Məsələnin həlli üçün ən yaxşı variant Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı RF Prezident Administrasiyanın nəzdində xüsusi qrupun yaradılmasıdır. RF Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olmaqdan kənarlaşdırılmalıdır. Bu Rusiyanın Qafqaz, ön Asiyadakı mövqeyində olan ən böyük təhlükəni neytrallaşdırmaq yolunda çox vacib addım olacaq”.
1news.az