ANAMA: Aprelin 27-də partlamamış 3 hərbi sursat və tank əleyhinə 6 mina zərərsizləşdirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Aprelin 27-də partlamamış 3 hərbi sursat və tank əleyhinə 6 mina zərərsizləşdirilib - FOTO

00:01 - 28 / 04 / 2016
ANAMA: Aprelin 27-də partlamamış 3 hərbi sursat və tank əleyhinə 6 mina zərərsizləşdirilib - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 27-də Tərtər, Füzuli, Ağdam, Şəmkir və Cəlilabad rayonlarında aşkar olunan partlamamış hərbi sursat (PHS) haqqında hesabatı açıqlayıb.

1news.az-a ANAMA-nın mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, Tərtər rayonunun Yuxarı Qapanlı kəndində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib. Partlamamış hərbi sursat aşkar edilməyib, 12 min kvadratmetr ərazi yoxlanılıb. Qaradağlı kəndində 2 ev və həyətyanı sahədə iki partlayış yerinə baxış keçirilib. Nəticədə 7700 kvadratmetr ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkarlanmayıb. Qarağacı kəndində isə 3 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 13 min kvadratmetr ərazi yoxlanılıb və PHS aşkar edilməyib.

Füzuli rayonunun Alıxanlı kəndində bir ev və həyətyanı sahə, 4 əkin sahəsində 5 partlayış yerinə baxış keçirilib. Nəticədə 125 millimetrlik partlamamış bir tank mərmisi aşkar edilərək götürülüb. Burada 680 kvadratmetr ərazi yoxlanılıb.

Ağdam rayonunun Təzəkənd kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib. Bir ədəd 100 millimetrlik partlamamış tank mərmisi aşkarlanıb, 6500 kvadratmetr ərazi yoxlanılıb. “Dördyol-1” qəsəbəsində bir əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib və iki min kvadratmetr ərazi yoxlanılıb.

Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli tapşırığına müvafiq olaraq, Agentliyin mütəxəssisləri Şəmkirin 20 Yanvar küçəsində aşkar olunan bir ədəd 122 millimetrlik top mərmisinə texniki baxış keçirib. Daşınması mümkün olduğundan mərmi götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi partlayış ərazisinə daşınıb. Aşkar edilmiş sursatın ətrafında 100 kvadratmetr əraziyə baxış keçirilib, əlavə heç bir təhlükəli əşya və ya qurğu tapılmayıb.

Aprelin 27-də saat 10:16-da Daxili İşlər Nazirliyinin əməliyyat növbətçisinin köməkçisi tərəfindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə zəng daxil olub. Məlumata əsasən, Cəlilabad rayonunun Privolnoye kəndi ərazisindən keçən Göytəpə çayında 4 ədəd mərmi aşkar edilib. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Sahilə çıxan 6 ədəd tank əleyhinə (onlardan 5-i TM-62, biri TM-57) mina götürülüb. Tapılan minalar Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə partladılaraq zərərsizləşdirilib.

Aprelin 27-də agentlik tərəfindən 8 ev, 18 partlayış yeri yoxlanılıb, 3 ədəd partlamamış hərbi sursat və 6 ədəd tank əleyhinə mina zərərsizləşdirilib. Həmin gün ümumilikdə 41 min 990 kvadratmetr ərazi yoxlanılıb.

Agentlik tərəfindən aprelin 7-dən 27-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 356 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığına, 1 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 5 fermaya, əkin sahələrinə və çaxır zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1292 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

1news.az

Paylaş:
824

Son xəbərlər

Bütün xəbərlər