AMEA-nın ümumi yığıncağı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-nın ümumi yığıncağı keçirilib – FOTO

22:22 - 29 / 04 / 2016
AMEA-nın ümumi yığıncağı keçirilib – FOTO

Aprelin 29-da AMEA-nın Əsas binasında akademiyanın Ümumi yığıncağı keçirildi.

1news.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini, filologiya elmləri doktoru Elçin Əfəndiyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva, müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak edirdilər.

Öncə tədbir iştirakçıları AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətləriniəks etdirən sərgi ilə tanış oldular. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası istiqamətində akademiyada görülən işlər, reallaşdırılan layihələriştirakçılar tərəfindən maraqla qarşılandı.

Ümumi yığıncağı giriş nitqi ilə AMEA prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdi. Sonra A.Əlizadə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası haqqında yekun hesabat məruzəsi ilə çıxış etdi.

Bu ildövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü olduğunu qeyd edən akademik Azərbaycanın bu müddətdə öz strateji hədəflərinə doğru inamla irəlilədiyini bildirdi:

“Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev hələ on il bundan əvvəl "neft kapitalının insan kapitalına çevrilməsi" strategiyasını elan etməklə intellektual inkişaf modelinə əsaslanan modern cəmiyyət quruculuğunun Azərbaycan üçün də əsas hədəf olduğunu bütün dünyaya bəyan etdi. Son günlər dünya bazarında neftin qiymətinin qeyri-stabilliyi, dünyada iqtisadi böhranın dərinləşməsi bir daha onu sübut etdi ki, İlham Əliyevin xeyli öncədən müəyyənləşdirdiyi intellektual inkişaf strategiyası tamamilə düzgün seçim idi. Bəli, 25 illik yubileyinə yaxınlaşdığımız müstəqil Azərbaycanın inkişafının əsasında neft kapitalı ilə insan kapitalının, ölkənin təbii resursları ilə intellektual potensialın vəhdəti strategiyası dayanır. Dünyada və regionda baş verən böhranlara, kataklizmlərə baxmayaraq, biz “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bəyan edildiyi kimi, intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinə doğru irəliləməkdəyik”.

Akademik Akif Əlizadə Elmin inkişafı üzrə Milli Strategiyada öz əksini tapan Azərbaycan elminin gələcək hədəflərini nəzərdə tutan bir sıra mühüm istiqamətlər haqqında danışdı. Qeyd etdi ki, AMEA-da elmi-analitik təhlillərin aparılması üçün müvafiq struktur dəyişikliyi edilib, bu sahədəki işin səmərəli təşkili nəticəsində elmi fəaliyyətin dəyərləndirilməsinin müasir dövrün standartlarına uyğun vahid meyar və prinsipləri işlənib hazırlanıb. Elmi-tədqiqat müəssisələri haqqında toplanmış məlumatlar elmmetrik araşdırmaların nəticəsi əsasında təhlil edilib və konkret proqramla 2009-2013-cü illər ərzindəki elmi fəaliyyətin ilkin qiymətləndirilməsi həyata keçirilib. Bildirildi ki, strategiyada iki mühüm meyar − dünya elminin inkişaf tendensiyaları və ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn Azərbaycan elminin hədəfləri əsas götürülüb.Bu istiqamətdə görülən işlər haqqında geniş məlumat verən AMEA rəhbəri bu vəzifələrin öhdəsindən gəlmək üçün növbəti mərhələdə də elmin inkişafı üzrə Milli Strategiyanın qəbulunun zəruriliyini vurğuladı.

Sonra akademik Akif Əlizadənin yekun hesabat məruzəsi ətrafında müzakirələr aparıldı.

Fasilədən sonra Ümumi yığıncaq öz işini ikinci hissə ilə davam etdirdi.

Akademik Akif Əlizadə AMEA-nın 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında çıxış etdi. O, elmi infrastrukturun modernləşdirilməsi, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin qabaqcıl texnologiyalar əsasında qurulması, yüksəkixtisaslı kadrların hazırlanması, elm, təhsil və istehsalın inteqrasiyası, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, nəhayət, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası istiqamətində görülən işlər barədə geniş məlumat verdi. Hesabat ilində AMEA-nın strukturu, idarəetmə və təşkilati sisteminin təkmilləşdirildiyini, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün mühüm tədbirlərin həyata keçirildiyini bildirdi: "Bu tədbirlər, əsasən AMEA-da elmi-təşkilati fəaliyyətin yeni əsaslarla təşkili, elmi kadr hazırlığı, elmi-innovativ fəaliyyətin gücləndirilməsi, hüquqi islahatların həyata keçirilməsi, elm və təhsilin inteqrasiyası, elektron elmin inkişafı, beynəlxalq elmi əməkdaşlığın yeni əsaslar üzərində qurulması, elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin qurulması, AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətləri əhatə edir".

A.Əlizadə hesabat ilində AMEA-nın 70 illiyinin tamam olduğunu, ölkə başçısının bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsi haqqında müvafiq Sərəncamından irəli gələn vəzifələri rəhbər tutaraq beynəlxalq və respublika miqyaslı çoxsaylı tədbirlərin keçirilməsi, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, Akademiyanın tarixi və onun görkəmli nümayəndələri haqqında kitabların nəşri,elmin populyarlaşdırılması və təbliği və s. istiqamətdə çoxsaylı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.

AMEA rəhbəri bildirdi ki, Prezident İlham Əliyevin Akademiyanın yubiley tədbirində çıxışı zamanı irəli sürdüyü elmi prioritetlərin icrasının təmin edilməsi üçün müvafiq qərarlar qəbul edilib, elmi müəssisələr və alimlər qarşısında konkret vəzifələr müəyyənləşdirilib.

Elmlə təhsilin inteqrasiyası istiqamətində görülən işlərə də toxunan akademik AMEA-da təhsilin inkişafı üçün qanunvericilikdə müvafiq dəyişikliklər edildiyini, bir sıra institutların nəzdində bəzi ali təhsil müəssisələrinin baza kafedralarının yaradıldığını, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumlarının imzalandığını qeyd etdi. Akademiyada magistratura təhsilinin yaradılmasını elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət kimi dəyərləndirdi: “İlkin olaraq doqquz ixtisas üzrə magistratura təhsilihəyata keçirildi, növbəti təhsil ili üçün 63 nəfərin magistraturaya qəbulu gözlənilir”.

Akademik Akif Əlizadə gələcəkdə həyata keçiriləcək tədbirlərdən də danışdı: "Fundamental və tətbiqi tədqiqatların prioritetlərinin respublikanın mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, Azərbaycan alimlərinin qəbul olunmuş dövlət proqramlarının icrasında yaxından iştirakını təmin etmək, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq istiqamətində aparılan islahatları inkişaf etdirmək, onun dünya elminə inteqrasiyası ilə bağlı mövcud problemlərini müzakirə edib həlli yollarını üzə çıxarmaq, milli innovativ mühiti formalaşdırmaq, elm-təhsil-istehsalat münasibətlərini inkişaf etdirmək qarşıda duran vəzifələrdəndir. Əminəm ki, əvvəlki illərdə olduğu kimi, gələcəkdə də Azərbaycan alimləri dövlətin elmə olan diqqət və qayğısı, həmçinin elmi potensialın müasir tələblər səviyyəsində səfərbər edilməsi nəticəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər".           

Sonra hesabat ətrafında müzakirələr aparıldı. AMEA-nın 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı verilən suallar AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev tərəfindən cavablandırıldı.

Ümumi yığıncağın qərarı ilə AMEA-nın 2015-ci ildəki fəaliyyəti haqqında hesabat qənaətbəxş hesab olunaraq təsdiq edildi.

Tədbirdə AMEA-da bəzi struktur islahatları ilə bağlı məsələlər də müzakirə edildi,  müvafiq qərarlar qəbul olundu.

Sonra “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları sahiblərinə təqdim edildi.

1news.az

 

Paylaş:
747

Son xəbərlər

Bütün xəbərlər