Cəbhəyanı bölgələrdə məcburi köçkün uşaqları üçün bahalı ürək əməliyyatları pulsuz olaraq həyata keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbhəyanı bölgələrdə məcburi köçkün uşaqları üçün bahalı ürək əməliyyatları pulsuz olaraq həyata keçirilir - FOTO

15:53 - 02 / 05 / 2016
Cəbhəyanı bölgələrdə məcburi köçkün uşaqları üçün bahalı ürək əməliyyatları pulsuz olaraq həyata keçirilir - FOTO

İki yaşlı Yusif Məmmədovu xərəklə palatadan köçürürlər. İki gün öncə onun ürəyində uğurlu əməliyyat həyata keçirilib. Ürək qüsuru ilə doğulmuş məcburi köçkün olan uşağın bəxti gətirib: belə ki, dövlət bahalı əməliiyyatın həyata keçirilməsini öz üzərinə götürüb.

Yusifin anası – Günay Rəhimli Füzulinin Əbdülrəhmanlı rayonundan olan məcburi köçkündür. O, deyir ki, iki ildir bu cür əməliyyatın həyata keçməsi üçün vasitələr axtarırdı. Artıq bu əməliyyat Səhiyyə Nazirliyinin dəstəyilə baş tutdu:

“Mən, övladımın əməliiyatında iştirak edən bütün həkimlərə minnətdarlığımı bildirirəm, eləcə də cəbhəyanı bölgədə bunu təşkil edənlərə də təşəkkür edirəm”. 

Respublika Müalicə-Diaqnostika Mərkəzi Səhiyyə Nazirliyinin dəstəyilə birgə “Uşaqların ürəyi Qarabağ üçün döyünür” adlı vətənpərvərlik aksiyasını Füzulinin Böyükbəhmənli kəndində həyata keçirib.

Aksiyanın məqsədi – cəbhəyanı bölgə şəraitində  yaşayan və əhalinin ən zəif təbəqəsi olan uşaqlara yardım etməkdir.

Aksiya çərçivəsində Respublika Müalicə-Diaqnostika Mərkəzinin Ürək-damar cərrahiyyəsi şöbəsinin komandası başda ürək cərrahı Rəşad Mahmudov olmaqla Füzuli rayonundadırlar.

Rəşad Mahmudovun jurnalistlərə verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin dəstəyilə ürəkdə bu cür ağır əməliyyatların keçirilməsi üçün müasir metod və avadanlıqdan istifadə olunur.

“Bundan əlavə, bu cür əməliyyatlarda iştirak edən yerli həkimlər də öz biliklərini təkmilləşdirirlər”.

“Biz cəbhəyanı bölgələrdə əməliyyatlar keçiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini bu regiona cəlb edək”,  - həkim bildirib.

Onun sözlərinə görə, bu cür əməliyyatlar çox bahalıdır və hər valideynin maddi imkanı övladının ürəyini əməliyyat etdirməyə çatmır.

“Bu cür əməliyyatlar xaricdə 35 min dollara, Azərbaycanda isə 8 min manata başa gəlir. Buna görə də sıravi vətəndaşların bunu ödəməsi çətindir”, - deyən həkim bildirib ki, bu cür əməliyyatlar gələcəkdə də davam etdiriləcək.

R.Mahmudov bildirib ki, bu cür əməliyyatları Şuşanın işğaldan azad olunmasından sonra keçirilməsini arzu edir.

Füzuli rayon Diaqnostika Mərkəzində 4 gün ərzində anadangəlmə ürək qüsuru olan uşaqlar üçün açıq ürək əməliyyatı keçiriləcək. Əməliyyatlar gün ərzində 3 dəfə olacaq. Bu, 1-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

25 nəfərdən ibarət olan yüksəkixtisaslı və təcrübəli həkim heyətində - kardioloq, reanimatoloq, anestezioloq və orta tibb işçiləri cəbhəyanı bölgələrdə yaşayan uşaqlara sağlam həyat üçün ümid bəxş edəcəklər. 

Laçın rayonundan olan məcburi köçkün Xalidə Quliyeva da 5 yaşlı qızı Aynişan üçün narahatdır. Belə ki, onun qızı bu cür ağır ürək əməliyyatı keçirib:

“Qızım hazırda reanimasiyadadır, həkimlər deyib ki, onun vəziyyəti yaxşılaşan kimi palataya köçürəcəklər. Həkimlər bildirib ki, əməliyyat uğurlu keçib, biz, yaxşılığa ümid edirik”.

Respublika Müalicə-Diaqnostika Mərkəzinin mütəxxəsisləri bu cür xeyriyyəçilik aksiyalarını müntəzəm olaraq keçirirlər. Lakin Səhiyyə Nazirliyinin dəstəyilə bu cür irimiqyaslı “Uşaqların ürəyi Qarabağ üçün döyünür” adlı vətənpərvərlik aksiyasının təşkil olunması mümkün oldu.

Toplaşan qohumlar içərisində 5 yaşlı Zaur Ağayevin babası Müzəffər Quliyev də var. Zaur da ürəyindən əməliyyat olunub.

“Uşaq doğulan günündən onu həkim müayinəsinə apardıq. Lakin uşağı əməliyyat etdirməyə imkan yox idi. Səhiyyə Nazirliyinə bu cür əməliyyatın həyata keçirilməsi üçün dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, aksiya çərçivəsində həkimlərin konfransı da baş tutub.

1news.az

Paylaş:
1978

Son xəbərlər

Bütün xəbərlər