Neft və Sənaye Universitetində baş verən terror hadisəsi qurbanlarının xatirəsi anılıb
Yeddi il bundan əvvəl - 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində - ADNSU) baş verən terror nəticəsində qətlə yetirilən tələbə və müəllimlərin xatirəsi anılıb.
Universitetin professor-müəllim heyəti və tələbələri qanlı terror hadisəsi qurbanlarının qətlə yetirildikləri yerlərə gül dəstələri düzərək onların xatirəsini yad ediblər.
Sonra qanlı hadisənin dəhşətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Universitetin rektoru Mustafa Babanlı dini, milliyyəti olmayan və bəşəriyyətə, insanlığa qarşı amansız bəla olan terrorla mübarizədə hər bir vətəndaşın fəallıq göstərməsinin vacibliyini vurğulayıb. M.Babanlı Prezident İlham Əliyevin istər Azərbaycanda, istərsə də xarici ölkələrdə keçirilən beynəlxalq forum, sammit, konfrans və tədbirlərdə həmişə respublikamızın tolerantlıq nümunəsi kimi təhlükəli meyillərə, etnik, dini, irqi ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı fəal çıxış etdiyini diqqətə çatdırıb. Bildirib ki, bir neçə gün əvvəl keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxış edən Prezident İlham Əliyevin “Hamımız eyni planetdə yaşayırıq. Bütün xalqlar sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşamağı, ailələrini qorumağı, övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri – insanlıq, mərhəmət, həmrəylik və sülhü təbliğ edir. Bu gün dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir” sözləri terrora qarşı mübarizəyə çağırışdır.
Qeyd olunub ki, illərdən bəri erməni terror qruplarının törətdikləri faciələrdən əziyyət çəkən Azərbaycan xalqı kütləvi insan qırğını törədənlərə qarşı barışmaz, mübariz olub. Yaxın Şərqdə, Türkiyədə, Fransada, Belçikada törədilən terrorda qətlə yetirilən insanların ölümü bizi də dərindən kədərləndirir.
Rektor bildirib: “Yeddi il əvvəl bu binada baş verən terrorda günahsız insanların, qətlə yetirilənlərin xatirəsi bizim üçün əziz və unudulmazdır. Arzuları yarımçıq qalan, həyatdan nakam getmiş gənclərin xatirəsinin əbədi yaşaması üçün tələbələrimiz təhsildə, gələcəkdə çalışdıqları sahədə, ictimai həyatda, ölkəmizdə aparılan quruculuq işlərində fəallıq göstərməlidirlər.
M.Babanlı, həmçinin vurğulayıb ki, həmin hadisə zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi üçün müəyyən tədbirlər görüləcək, onların barelyefləri hazırlanacaq, faciəli surətdə həlak olanların xatirəsini əks etdirən lövhələr asılacaq.
Faciə qurbanlarının yaxınları da tədbirdə çıxış edərək həmin qanlı gündə həlak olan günahsız insanların - müəllim, laborant və tələbələrin xatirəsinin anım mərasiminin təşkilinə görə universitetin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra 30 aprel faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.
AZƏRTAC