Sərhəddən narkotik maddə keçirmək istəyən İran vətəndaşları silahlı müqavimət göstəriblər
Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir.
1news.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində həyata keçirdikləri əməliyyat tədbirləri ilə İran İslam Respublikasının vətəndaşları - əvvəllər məhkum olunmuş Fərhəngi Mərəhməd və Rəhim Fərəci, həmçinin rayon sakini Cabir Kazımov saxlanılıblar.
Bu zaman İran vətəndaşları silahlı müqavimət gəstərməyə cəhd etsələr də polis əməkdaşlarının çevikliyi və peşəkarlığı sayəsində zərərsizləşdiriliblər.
Üzərlərinə baxış zamanı onlara məxsus çantadan 5 kiloqram narkotik vasitə olan heroin, “Kalaşnikov” markalı avtomat və ona aid 28 ədəd patron, içərisində 5 ədəd patron olan “Torun” markalı ov tüfəngi, gecəgörmə cihazı və digər xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.
İlkin dindirmə zamanı Fərhəngi Mərəhməd və Rəhim Fərəci narkotik maddələri Cabir Kazımova satmaq niyyəti ilə gətirdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.
1news.az