Vaqif Dərgahlı: “Ermənistanın Rusiyadan aldığı silah və hərbi texnikanın istismar müddəti çoxdan başa çatıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaqif Dərgahlı: “Ermənistanın Rusiyadan aldığı silah və hərbi texnikanın istismar müddəti çoxdan başa çatıb”

20:08 - 04 / 05 / 2016
Vaqif Dərgahlı: “Ermənistanın Rusiyadan aldığı silah və hərbi texnikanın istismar müddəti çoxdan başa çatıb”

Müharibə edən ölkə üçün 200 milyon ABŞ dolları cüzi məbləğdir, bu pulla ordunu silahla təmin etmək mümkün deyil.

1news.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Ermənistanın kredit razılaşması əsasında Rusiyadan silah alması barədə məlumatlara münasibət bildirərkən deyib:

“Nəzərə alsaq ki, hazırda Ermənistanda korrupsiya və rüşvətxorluq tüğyan edir və ölkələrinin rəhbərliyində təmsil olunan şəxslərin hamısı kriminal ünsürlərdir, bu pulların böyük hissəsinin elə həmin rejim tərəfindən mənimsəniləcəyi şübhəsizdir”.

Son illər Ermənistanın Rusiyadan aldığı silah və hərbi texnikanın istismar müddətinin çoxdan başa çatdığını deyən V.Dərgahlı bildirib ki, uzun illər öncə istehsal edilən və istifadə olunmayan, istismar müddəti bitmiş silahlar və hərbi texnika kredit yolu ilə Ermənistana verilir:

“Biz aprel əməliyyatlarında bunun canlı şahidi olduq. Son əməliyyatlarda ermənilərin atdığı mərmilərin əksəriyyəti köhnə olduğu üçün partlamadı, torpağa batıb qaldı. Həmin mərmilər hərbçilərimiz tərəfindən yığılaraq məhv edildi. Ermənistan rəsmilərinin bundan əlavə basqa mənbələrdən də silah alması barədə səsləndirdikləri fikirlər də “blefdir”.

Apreldə Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, diaspor təşkilatları yardım üçün 5-6 milyon ABŞ dolları yığıb. Bu məbləğ isə çatsa-çatsa, apreldə məhv edilən erməni hərbçilərinin dəfn mərasimlərinə və onların ailələrini susdurmaq məqsədilə verilən yardımlara bəs edər. O ki qaldı 1980-ci illərdə istehsal olunan texnikanın “super” vəziyyətdə olması barədə Arsrun Ovannisyanın açıqlamalarına, bu da ermənilərin növbəti uydurmasıdır. Çünki 30 il bundan əvvəl istehsal olunan silahları alıb və onları  tərifləyərək müasir silahlarla müqayisə etmək də bir nağıldır”.

V. Dərgahlı xüsusi olaraq bildirib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən silah-sursatın, döyüş texnikasının yenilənməsi, əlavə döyüş ehtiyatlarının yaradılması,  müasir silah və texnikanın, digər hərbi elementlərin alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri üçün külli miqdarda maliyyə vəsaiti ayrılıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan mövcud kredit razılaşması əsasında Rusiya Federasiyasından Ermənistana silah göndərilməsi prosesinin başlandığını açıqlayıb.

1news.az

 

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər