“Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusundakı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb – FOTO
Mayın 5-də ümummilli lider Heydər Əliyevin 93 illiyi münasibətilə dini icmalar arasında “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda elan olunmuş məqalə müsabiqəsinin qaliblərini mükafatlandırılıb.
1news.az-ın məlumatına görə, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının rus dilində versiyasının təqdimatı keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi, dini konfessiyaların rəhbərləri və təmsilçiləri, dini icmalar, “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda keçirilmiş məqalə müsabiqəsinin münsiflər heyəti, müsabiqənin qalibləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Komitə sədrinin birinci müavini Səyyad Salahlı açaraq dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O, ulu öndərin həyata keçirdiyi siyasətdə tolerantlığın hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə bütün konfessiyalara eyni səviyyədə münasibət ümummilli liderin tolerantlığa verdiyi önəmi bir daha göstərir. Tolerantlıq siyasətinin ən bariz nümunələrindən biri də odur ki, milli-mənəvi dəyərlərlə bağlı keçirilən tədbirlərdə bütün dini konfessiyaların nümayəndələri iştirak edirlər.
Səyyad Salahlı, həmçinin ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ideyalarını özündə əks etdirən dəyərli çıxışları, nitqləri, görüşləri və təbriklərinin yer aldığı “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabının rus dilində çap edilməsinin əhəmiyyətindən danışıb.
Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Azərbaycan Rus İcması sədrinin I müavini Zenin Fedoroviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasiyasının katibi Elnur Əfəndiyev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Musa Ceyhunoğlu çıxış edərək Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən danışıb və nəşrin əhəmiyyətini vurğulayıblar.
Sonda DQİDK-nın dini icmalar arasında ənənəvi olaraq təşkil etdiyi “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqənin nəticələrinə görə, Ağayev Süleyman I yer, Əslanov Əlyəsə II yer, Abbasov Mətləb və Məmmədov İskəndər III yerlərə layiq görülüblər, Əsgərov Müşviq, Nəsirov Mehman və İbadov Səbuhi isə həvəsləndirici mükafatlarla təltif ediliblər.
1news.az