İsrailin “Zamanın çağırışları” saytı: Erməni silahlı qüvvələri Azərbaycanın mülki əhalisi ilə müharibə aparır | 1news.az | Xəbərlər
Siyasət

İsrailin “Zamanın çağırışları” saytı: Erməni silahlı qüvvələri Azərbaycanın mülki əhalisi ilə müharibə aparır

17:55 - 06 / 05 / 2016
İsrailin “Zamanın çağırışları” saytı: Erməni silahlı qüvvələri Azərbaycanın mülki əhalisi ilə müharibə aparır

Dünən İsrailin “Zamanın çağırışları” informasiya-analitika saytında beynəlxalq münasibətlər sahəsində İsrail eksperti, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutun məxsusi eksklüziv materialı dərc olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, A.Qut Azərbaycan XİN-in təşəbbüsü ilə ötən həftə xarici jurnalistlərlə birlikdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə həmsərhəd Ağdam şəhərinin Çəmənli, Qaradağlı və Afaslı kəndləri ərazisindəki cəbhəyanı bölgədə olub.

İsrail eksperti yazır: “Burada vəziyyət mürəkkəb və gərgindir. Yəqin ki, ən dəhşətlisi qeyri-müəyyənlikdir ki, o da burada xüsusilə hiss olunur. Burada nə müharibə, nə də sülh şəraiti olduğu üçün real şəkildə başa düşürsən ki, bu yerlər üçün atəşkəs rejimi anlayışı çox kövrək və zəifdir. Bir çox ekspertlər belə bir faktı vurğulayırlar ki, Ermənistan Respublikası təmas xəttində döyüşlərdə məğlubiyyətə uğradığı üçün belə çirkin addımlara əl atıb. 1990-cı illərin əvvəllərində olduğu kimi, yenə də mülki əhalini hədəfə alıb. Silahsız əhali ilə müharibə aparmaq isə ağır hərbi cinayətdir.

Cəbhə xəttində olan Azərbaycan Prezidentinin fikrincə, dağılmış evlər erməni faşizminin təzahürüdür. O deyib: “Görün, bu evləri nə günə qoyublar. Orada yaşayanlar, onlar necə olacaqlar? Onlara əlbəttə ki, Azərbaycan dövləti öz dəstəyini göstərəcəkdir. İndi komissiya işləyir, aktlaşma gedir. Bütün dəymiş ziyan qeydə alınır və Azərbaycan dövləti bu evlərin bərpası, tamamilə dağılmış evlərin tikintisi üçün vəsait ayıracaq. Mən onu təşkil edəcəyəm, siz narahat olmayın, bütün dəymiş ziyana kompensasiya veriləcək və dağılmış evlər bərpa olunacaq, yenidən tikiləcək. Tərtər və Ağdam rayonlarında 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb. Budur, erməni faşizminin eybəcər sifəti. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır, aparmır və aparmayacaq. Ancaq Ermənistan, görün hansı çirkin işlərlə məşğuldur. Artıq bütün dünya bilir ki, bizim torpaqlarımız işğal altındadır. Əgər müstəqilliyimizin ilk illərində erməni lobbisi və satılmış ermənipərəst dünya siyasətçiləri tərəfindən münaqişə ilə bağlı təhrif olunmuş fikir var idisə, bu, artıq yoxdur. Artıq hamı bilir, sənədlər var, sübutlar var. Biz siyasi və diplomatik sahələrdə böyük iş aparmışıq, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini məlumatlandırmışıq”.

Ağdamda və Ağcabədidə evini və əmlakını itirmiş insanların faciəsini öz gözü ilə görən A.Qut yazır: “ Amma insanlar ümidlərini itirməyiblər və indi də ümidlə yaşayırlar. Demək olar, hamı silaha sarılıb Vətənini, evini və ailəsini müdafiə etməyə hazır olduğunu bildirir. Qonşular tərəfindən bütün təhdidlərə baxmayaraq, onlar burada yaşayır, ev-eşik qurur və bacardıqları şəkildə erməni silahlı birləşmələrindən müdafiə olunurlar. Amma ümid edirlər ki, bu torpaqda əmin-amanlıq bərqərar olacaq. Bir israilli kimi, raket və artilleriya mərmilərinin nə demək olduğunu çox yaxşı başa düşürəm. Mən Ağdam, Tərtər və Ağcabədinin azərbaycanlı sakinlərinin ağrı-acısını və faciəsini bölüşürəm. Amma insanı təkcə təcavüzkarın yırtıcı siması deyil, həm də yalan və bəşəriyyət əleyhinə cinayətin cəzasızlığı ağrıdır”.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: “Azərbaycan xalqına, beynəlxalq hüquqa və ədalət prinsipinə hörmətsizlik nümayiş etdirilir. Beynəlxalq birlik, ATƏT və digər təşkilatlar işğalçı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı yönəlmiş bu addımlarına son qoyulması üçün qətiyyətli tədbirlər görməlidirlər. Azərbaycan Ermənistan rəhbərliyinin və bu ölkənin silahlı qüvvələrinin növbəti təxribatlarına, yaşayış məntəqələrinin dağıdılmasına, dinc sakinlərin qətlə yetirilməsinə dözmək niyyətində deyil”.

Dünya birliyini ikili standartlar tətbiq etməkdə qınayan Arye Qut deyib: “Nə üçün söhbət Donbas və Krımdan gedəndə, ABŞ Dövlət Departamenti müstəqil Ukraynanın ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət göstərilməsini tələb edir, amma Azərbaycanın Ağdam, Tərtər şəhərlərinin, kəndlərinin raket və artilleriya atəşinə tutulmasından söhbət gedəndə, dünya birliyi baş verənlərə biganə münasibət göstərir və susur. Dünya daha susmamalı, Ermənistanın nazı ilə oynamamalıdır. Biz erməni ideoloqlarının minlərlə şəhər və kəndin dağıdılması, on minlərlə günahsız insanın ölümü, etnik təmizləmə və yüz minlərlə azərbaycanlının dədə-baba torpaqlarından didərgin salınması ilə nəticələnən “Dənizdən dənizə böyük Ermənistan” adlı sərsəm ideyanı reallaşdırmaq səylərini çox yaxşı xatırlayırıq”.

A.Qutun fikrincə, Xocalıda qanlı soyqırımı bu vəhşi planın həyata keçirilməsinin qorxunc fraqmentidir. O yazır: “Xocalı şəhəri Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın apardığı etnik təmizləmənin mərhələlərindən biridir. İşğalçılar Xocalını yer üzündən siliblər, dinc sakinlərə xüsusi amansızlıqla divan tutublar. Onlar nə qocalara, nə qadınlara, nə də uşaqlara aman veriblər. Günahsız mülki insanlara, xüsusən uşaqlara qarşı amansız vəhşiliyin heç bir izahı yoxdur. Qətlə yetirilmiş, alçaldılmış və təhqir edilmiş bu insanların yeganə günahı budur ki, onlar azərbaycanlıdırlar. Məhz Sarkisyanın terrorçu rejimi tərəfindən gələcək qanlı faciələrin qarşısını almaq üçün tez-tez jurnalistlərin döyüş əməliyyatları zonalarına səfərlərini təşkil etmək lazımdır”.

Azərbaycanın tez-tez beynəlxalq humanitar əməkdaşlığın etibarlı platformasına çevrildiyini vurğulayan A.Qut yazır: “Məsələn, bir neçə gün əvvəl BMT-nin Sivilizasiyalar Alyansının VII Qllobal Forumunun iştirakçısı oldum. Bu cür yüksək səviyyəli forumun qonaqlarını döyüş əməliyyatları zonasına aparmağı, real vəziyyəti göstərməyi, erməni terrorizmindən hər gün əziyyət çəkən yerli sakinlər ilə görüşlər təşkil etməyi vacib sayıram. Azərbaycan belə əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyi üçün ölkənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti göstərmək haqqı var. Bu baxımdan dünya miqyaslı belə forumların keçirilməsi dünyada Azərbaycanın dostlarından ibarət həqiqi Alyans üçün platforma yaratmağa imkan verəcək.

Artıq bir ildən çoxdur ki, Azərbaycanın böyük dostu, Moldova Respublikasının İctimai Palatasının sədri Aureliya Qriqoriu və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva ilə bu barədə danışırıq. Bu gün Azərbaycan haqqında, Xocalı soyqırımı haqqında və bütövlükdə ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində törətdikləri cinayətlər haqqında həqiqəti dünya dövlətlərinə, parlamentlərinə və ictimaiyyətinə çatdırmaq vəzifəsi məhz Azərbaycanın Dostları Alyansı qarşısında duracaq və bu, real məqsəd olacaq.

Bu, bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Dünya birliyi hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququnu tanıyır, işgəncə və amansız rəftarı pisləyir. Bu anlayışlar dini etiqadından və milliyyətindən asılı olmayaraq, ümumbəşəri dəyərlərə çevrilib. Əfsuslar olsun ki, dünya ermənilərin törətdiyi qorxunc hadisələrə göz yumur, qulaqlarını tıxayır. Bu da bir daha sübut edir ki, Azərbaycana münasibətdə ikili standartlar siyasəti davam edir və nəticədə Azərbaycanın səbri sadəcə tükənə bilər”.

1news.az

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər