Arye Qut: Dünya birliyi susmağa, Ermənistanın nazı ilə oynamağa son qoymalıdır | 1news.az | Xəbərlər
Siyasət

Arye Qut: Dünya birliyi susmağa, Ermənistanın nazı ilə oynamağa son qoymalıdır

16:30 - 07 / 05 / 2016
Arye Qut: Dünya birliyi susmağa, Ermənistanın nazı ilə oynamağa son qoymalıdır

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox vacib beynəlxalq tədbir, dünyanın intellektual elitası üçün həqiqi və real məkandır.

Burada siyasətçilər, dövlət başçıları, keçmiş xarici işlər nazirləri, alimlər, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrailin “IIand” internet telekanalına müsahibəsində bu barədə danışıb.

O, “lland” telekanalının “Bizim ada” verilişinin tanınmış aparıcısı David Konn ilə söhbətində bildirib ki, bu gün dünyada siyasi, elmi, intellektual və biznes-elita nümayəndələrinin görüşdüyü belə intellektual məkan demək olar yoxdur. O deyib: “Dünyanın 140 ölkəsindən 1400-dən çox iştirakçı dünya birliyi üçün multikulturalizmin müqayisəli tədqiqi, qlobal vətəndaş təhsili, vətəndaş cəmiyyəti və biznes, sülh, təhlükəsizlik və inkişaf naminə birgə fəaliyyət, sülhə və terrorun qabağının alınmasına şərait yaratmaq, zorakı ekstremist təbliğatın qarşısının alınmasında jurnalistikanın rolu, informasiya mıəkanının qloballaşması şəraitində medianın aktual məsələləri kimi mühüm problemləri həll etməkdən ötrü BMT-nin himayəsi altında Bakıya toplaşmışdı”.

İsrail eksperti aparıcı Konnun onun Azərbaycan XİN-in təşəbbüsü ilə ötən həftə xarici jurnalistlərlə birlikdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə həmsərhəd Ağdam şəhərinin Çəmənli, Qaradağlı və Afaslı kəndləri ərazisindəki cəbhəyanı bölgəyə səfəri ilə bağlı sualın cavabında deyib: “Burada vəziyyət mürəkkəb və gərgindir. Yəqin ki, ən dəhşətlisi qeyri-müəyyənlikdir ki, o da burada xüsusilə hiss olunur. Burada nə müharibə, nə də sülh şəraiti olduğu üçün real şəkildə başa düşürsən ki, bu yerlər üçün atəşkəs rejimi anlayışı çox kövrək və zəifdir. Bir çox ekspertlər belə bir faktı vurğulayırlar ki, Ermənistan Respublikası təmas xəttində döyüşlərdə məğlubiyyətə uğradığı üçün belə çirkin addımlara əl atıb. 1990-cı illərin əvvəllərində olduğu kimi, yenə də mülki əhalini hədəfə alıb. Silahsız əhali ilə müharibə aparmaq isə ağır hərbi cinayətdir”.

Sonra Ağdam şəhərinin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri ilə sərhəddə yerləşən Çəmənli, Qaradağlı və Afaslı kəndləri ərazisində cəbhəyanı zonanı, yerli sakinlərin raket və artilleriya mərmilərindən əziyyət çəkdiyini aydın göstərən videolentlər nümayiş etdirilib. A.Qut İsrailin “Zamanın çağırışları” informasiya-analitika saytının “Bizim ada” verilişində deyib: ”Ağdam və Ağcabədi rayonlarında 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağılıb. Mən evini və əmlakını itirmiş insanların faciəsini öz gözümlə gördüm. Amma insanlar ümidlərini itirməyiblər və indi də ümidlə yaşayırlar. Demək olar, hamı silaha sarılıb Vətənini, evini və ailəsini müdafiə etməyə hazır olduğunu bildirir. Qonşular tərəfindən bütün təhdidlərə baxmayaraq, onlar burada yaşayır, ev-eşik qurur və bacardıqları şəkildə erməni silahlı birləşmələrindən müdafiə olunurlar. Amma ümid edirlər ki, bu torpaqda əmin-amanlıq bərqərar olacaq. Bir israilli kimi, raket və artilleriya mərmilərinin nə demək olduğunu çox yaxşı başa düşürəm. Mən Ağdam, Tərtər və Ağcabədinin azərbaycanlı sakinlərinin ağrı-acısını və faciəsini bölüşürəm. Amma insanı təkcə təcavüzkarın yırtıcı siması deyil, həm də yalan və bəşəriyyət əleyhinə cinayətin cəzasızlığı ağrıdır”.

İsrail eksperti qondarma “Dağlıq Qarabağ Respublikasının” Ermənistan tərəfindən tanınması imkanlarına toxunaraq bildirib ki, “DQR Ermənistan tərəfindən yaradılan separatçı oyuncaq terrorçu qurumdur. O deyib: “Tutaq ki, Ermənistan bu oyuncaq qurumu tanıdı, bəs sonra? Ermənistan bu yanlış addımı atsa, ilk növbədə beynəlxalq hüququn əsas norma və prinsiplərinə, danışıqlar prosesinə, ATƏT-in Minsk qrupuna və onun həmsədrlərinə hörmətsizlik nümayiş etdirəcək. Ermənistanın necə bir acınacaqlı iqtisadi durumda olduğunu biz hamımız çox yaxşı bilirik. Bu ölkə Cənubi Qafqazın ən asılı ölkəsidir və iqtisadi baxımdan erməni diasporunun xarici yardımından asılıdır. Bugünkü vəziyyətdə Ermənistanın müstəqil qərar qəbul etməsinə heç kəs yol verməyəcək. Dağlıq Qarabağın “müstəqilliyini” tanıdığı halda, Ermənistan özü münaqişə törədəcək, bununla da müharibə yoluna qədəm qoyacaq. Bu isə indiki Serj Sarkisyan rejiminin terrorçu mahiyyətini, beynəlxalq hüququn nizamnamələrinin bu rejim üçün yalnız kağız parçası olduğunu bir daha sübut edəcək”.

A.Qut Azərbaycanın mövcud status-kvo ilə heç vaxt razılaşmayacağını bəyan etdiyini diqqətə çatdıraraq deyib: “Rəsmi Bakı sülh danışıqlarının başlanmasına hazırdır. Dünyada beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş normaları var. 1992-ci ildə Azərbaycan BMT-yə daxil olanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün sarsılmazlığı və toxunulmazlığı təsdiq edilib. Bu gün Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Buna baxmayaraq, Azərbaycan danışıqlara hazırdır və qabaqca Ermənistandan Azərbaycanın Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən rayonların azad olunmasını tələb edir. Azərbaycan gələcəkdə Dağlıq Qarabağın status məsələsini həll etməyə və erməni əhaliyə Azərbaycan çərçivəsində dünyada olan ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Mən tez-tez Bakıda oluram və eşidirəm ki, Azərbaycanın Sarkisyan rejimindən əziyyət çəkən erməni xalqı ilə heç bir problemi yoxdur. Amma Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılması qeyri-mümkündür. Dünya bunu başa düşür. Odur ki, dünya birliyi susmağa və Ermənistanın nazı ilə oynamağa son qoymalıdır”.

Arye Qutun fikrincə, bu gün Ermənistan geosiyasi və geoiqtisadi təcriddədir. İsrail Prezidenti fikrini belə yekunlaşdırıb: “Bu ölkə faktiki olaraq öz inkişafının əsirinə çevrilib. Gələcəyə inanmayan gənclər ölkəni tərk edirlər. Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində ölkədə vur-tut 1,5 milyon adam ya qalıb, ya da qalmayıb. Bu rejim öz xalqına qarşı “ağ soyqırımı” həyata keçirir. İndi isə Azərbaycana baxın. Bu ölkə dünya birliyinə özünün konfessiyaların dinc yanaşı yaşaması nümunəsini, multikülturalizm və tolerantlıq modelini təklif edir. Azərbaycan Prezidenti İlham Əliyev dünya birliyinə daim multikulturalizm ideyaları ilə müraciət edir, bunu Azərbaycan xalqının həyat tərzi sayır və mən deyərdim ki, multikülturalizmi və tolerantlığı dövlət səviyyəsinə qaldırıb. Maraqlıdır, görəsən kimsə Ermənistan prezidentindən etnik ermənilərdən başqa, demək olar, heç kəsin yaşamadığı, 1988-ci ildə 250 min azərbaycanlının cəmi bir gecədə öz dədə-baba torpaqlarında qovulduğu monoetnik Ermənistanın multikulturalizmi haqqında bəyanatlar eşidibmi?”

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər