Yaşar Aydəmirov: “Azərbaycanın Milli Ordusu dünyanın ən müasir hərbi standartlarına uyğun şəkildə formalaşıb” | 1news.az | Xəbərlər
Siyasət

Yaşar Aydəmirov: “Azərbaycanın Milli Ordusu dünyanın ən müasir hərbi standartlarına uyğun şəkildə formalaşıb”

18:18 - 11 / 05 / 2016
Yaşar Aydəmirov: “Azərbaycanın Milli Ordusu dünyanın ən müasir hərbi standartlarına uyğun şəkildə formalaşıb”

Azərbaycan Ordusunun keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Rusiyada yaşayan soydaşlarımıza müraciət edib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Y. Aydəmirov Silahlı Qüvvələrimizə yardımla bağlı verdiyi açıqlamasında qeyd edib ki, bu gün Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə tam əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb, bu istiqamətdə tədbirlər davam etdirilməkdədir: “Lakin tarixin bütün dövrlərində öz vətənini, millətini qoruyan ordunun ən böyük dayağı və yardımçısı xalq olub. Bu gün Azərbaycanın Milli Ordusu dünyanın ən müasir hərbi standartlarına uyğun şəkildə formalaşıb.

Ordumuzun psixoloji hazırlığı, döyüş ruhunun yüksəldilməsi, arsenalının gücləndirilməsi üçün Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib. Aparılan uğurlu islahatlar xalqın orduya olan inam və etibarını daha da artırıb. Ön cəbhədə düşmənlə üz-üzə vətənə xidmət edən Azərbaycan əsgərləri arxa cəbhədən və ən böyük arxa cəbhə olan xalqın onlara dəstəyindən əmin olduqda daha cəsarətli olurlar.

Xalqımız da bu dəstəyi heç zaman əsgərlərimizdən əsirgəmir. Həm mənəvi, həm rəmzi də olsa, xalqımız maddi dəstəklə daim ordumuzun yanında olduğunu hər an aşkar şəkildə nümayiş etdirir. Hər bir həmvətənlimiz bunu öz şərəfli borcu hesab edir. Silahlı Qüvvələrimizin keçirdiyi son uğurlu əks-həmlə əməliyyatlarından daha da ruhlanan həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız ordumuza müxtəlif  sahələrdə hərtərəfli kömək etmək niyyəti ilə dəstəyini əsirgəmir.

Elə bu günlərdə Latviyadakı Azərbaycan diaspor təşkilatının rəhbərliyi tərəfindən 3 ədəd təcili yardım maşınlarının Azərbaycan Müdafiə Nazirliyinə təqdim edilməsi, ADA Universiteti rəhbərliyinin və kollektivinin, müxtəlif iş adamlarının yardımları, hətta adlarının açıqlanmasını istəməyən bir çox vətəndaşlarımızın Silahlı Qüvvələrə Yardım Fonduna ödənişləri və s. xalqın orduya olan inamın və etibarın bariz nümunəsidir.

Təbii ki, Latviyadakı diaspor təşkilatımızın, eləcə də Silahlı Qüvvələrə Yardım Fonduna yardım edənlərin bu hərəkəti xaricdə yaşayan hər bir soydaşımız üçün nümunə olmalıdır. Amma, məsələn Rusiyadakı diasporumuzdan biz bu cür nümunəvi addımları görmürük. Yeri gəlsə məhz orada ən çox diaspor təşkilatlarımız cəmləşib. Bu, böyük təəssüf doğurur. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan əsgərinin uğurlarından qürur duyan vətəndaşlarımızın atdığı bu addımlar könüllülük prinsipi əsasında həyata keçirilir. Nazirlik hər hansı yardımın göstərilməsi ilə bağlı rəsmi surətdə heç bir çağırışla çıxış etməyib. Şəxsi təşəbbüslərlə həyata keçirilən dəstək dərin təşəkkürə layiqdir”.

1news.az

Paylaş:
565

Son xəbərlər

Bütün xəbərlər