SORĞU: Rusiyalıların 35%-i Dağlıq Qarabağın saxta müstəqillik rejiminin tərəfdarıdır | 1news.az | Xəbərlər
Siyasət

SORĞU: Rusiyalıların 35%-i Dağlıq Qarabağın saxta müstəqillik rejiminin tərəfdarıdır

12:12 - 12 / 05 / 2016
SORĞU: Rusiyalıların 35%-i Dağlıq Qarabağın saxta müstəqillik rejiminin tərəfdarıdır

Rusiyalılar ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək ola biləcəyinə inanırlar. Bununla belə, Ümumrusiya İctimai Rəyin Öyrənilməsinin Mərkəzinin (ÜİRÖM) keçirdiyini sorğuya əsasən onlar,  İrəvan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında separatçı rejimin müstəqilliyinin tərəfdarıdır. 

1news.az-ın Rusiyanın “İzvestiya” qəzetinə istinadla verdiyi xəbərə görə, ÜİRÖM-in bu yaxınlarda 46 bölgənin 130 yaşayış məntəqəsində 1,6 min nəfər arasında sorğu keçirib. 

Sosioloqlar ruslardan bu yaxınlarda Qarabağda vəziyyətin yenidən gərginləşdiyi barədə nə dərəcədə məlumatlı olduqlarını soruşublar (həqiqətdə söhbət erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionundan gedir - 1news.az-ın qeydi). Məlum olub ki, Rusiya əhalisinin dörddəüçü - 72%-i bu barədə eşidib. Bu, 2014-cü ilin analoji göstəricisini (45%) əhəmiyyətli dərəcədə üstələyib.

Bu gün rusların 71%-i (2014-cü ildə 57%) münaqişənin sülh yolu ilə həllini mümkün hesab edir. Bununla yanaşı, əhalinin 15%-i buna inanmır. Mənfi proqnozu əsasən Moskva və Sankt-Peterburq (20%) şəhərlərinin sakinləri, eləcə də qeyri-parlament partiyalarının tərəfdarları (21%) veriblər.

Bu gün 44% hesab edir ki, qan tökülməsinin qarşısını almaq üçün Rusiya bu münaqişədə vasitəçi rolunda çıxış etməlidir. İki il bundan öncə əhalinin dörddəbir hissəsi (25%) bu fikirdə idi. 36% düşünür ki, Rusiya müşahidəçi mövqeyində dayanmalıdır. 2014-cü ildə bu göstərici 60%-ə çatırdı.

Birmənalı olaraq münaqişənin bu və ya digər tərəfini tamamilə az insan dəstəkləyir: rusların 4%-i Ermənistan və separatçı “Dağlıq Qarabağ”ın, 2%-i isə Azərbaycanın tərəfində durmağı məqsədəuyğun hesab edir. Rəyi soruşulanların 1/4-i (26%) Dağlıq Qarabağın “müstəqil” olduğunu, 11%-i bu regionun Azərbaycana, 13%-i isə Ermənistana aid olduğunu düşünür.

Respondentlərin əksəriyyəti (47%) Dağlıq Qarabağın kimə məxsus olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Rusiyalıların 35%-nin fikrincə, Rusiyanın milli maraqlarından çıxış etdikdə, Dağlıq Qarabağın müstəqilliyinin elan edilməsi münaqişənin həlli üçün ən yaxşı variantdır.

Rusiyalıların 9%-i Qarabağın Ermənistanın, 6%-i isə Qarabağın Azərbaycanın tərkibində olmasını öz ölkəsinin marağında olacağını hesab edir. Bununla yanaşı, rusiyalıların 18%-i Dağlıq Qarabağın taleyinin Rusiyanın maraqları üçün heç bir əhəmiyyət kəsb etmədiyini düşünür.

ÜİRÖM-in baş direktoru Valeri Fedorov qeyd edib ki, son baş verən Ermənistan-Azərbaycan qarşıdurması Dağlıq Qarabağ ətrafında rusiyalıların diqqətini əhəmiyyətli dərəcədə cəlb etdi:

“Münaqişə öz-özlüyündə onlar üçün maraqlı deyil və ruslar heç bir tərəfi şərtsiz olaraq dəsətəkləməyə meyilli deyillər. Ölkəmizin bu vəziyyətdə mövqeyi münaqişənin sülh yolu ilə həllində vasitəçi olmasıdır. Və bununla da, münaqişə öz-özlüyündə həlledilməz deyil. Rusların buna şübhəsi yoxdur”.

1news.az

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər