Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

14:52 - 13 / 05 / 2016
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mayın 12-si axşam saatlarında Lənkəran-Astara bölgəsinə yağan lokal leysan xarakterli yağış nəticəsində bu ərazidən axan çaylarda suyun səviyyəsində 34-88 sm intervalında artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-70, Kiçik Qafqazın çaylarında 100-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, ayın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 353 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 510 m3/s olmaqla ongünlük normanın 68 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 188 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 216 m3/s təşkil edərək ongünlük normanın 106 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, mayın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Salyanda 12, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 424 sm (2015-ci il mayın 13-də 416 sm), Salyanda 265 sm (2015-ci il mayın 13-də 301 sm), Bankədə 213 sm (2015-ci il mayın 13-də 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2015-ci il mayın 13-də 140 sm) təşkil edir. 

1news.az

Paylaş:
569

Son xəbərlər

Bütün xəbərlər