“Regional İnkişaf” İctimai Birliyi autizm sindromlu uşaqlar üzrə mütəxəssislər hazırlayır - FOTO
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə bölgələr üzrə autizm sindromlu uşaqların müalicəsi, onlarla işləyəcək mütəxəssislərin hazırlanması istiqamətində layihə həyata keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, Bakı şəhərində keçirilən təlim kursu RİİB-ə Lənkərandan daxil olan müraciətlər əsasında təşkil olunub. Təlimləri Səhiyyə Nazirliyinin mütəxəssisləri aparıblar.
Layihədə Lənkəran rayonunda təhsil sahəsində çalışan şəxslərdən və autizm sindromlu uşaqların valideyinlərindən ibarət könüllülər iştirak ediblər.
İştirakçılara autizm sindromlu uşaqlarla ev şəraitində iş, art-terapiya, dram-terapiya, musiqi-terapiya və digər sahələrdə nəzəri, praktik təlimlər keçirilib. Təlimlər uşaq psixoloqu ilə yanaşı, loqoped-defektoloq, həkim-nevropatoloqun birgə iştirakı ilə aparılıb.
Regionlarda bu sahədə mütəxəssis azlığının aradan qaldırılmasına yönələn layihə, həmçinin autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyası, onların valideynlərinə psixoloji hazırlıq baxımından dəstək, insanların diqqətini bu sosial məsələyə yönəltmək məqsədi daşıyıb.
Xatırladaq ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi aprelin 6-8-də Səhiyyə Nazirliyinin dəstəyi ilə Lənkəran şəhərində autizm sindromlu uşaqların müayinəsi və valideyinlərin maarifləndirilməsi üzrə kurs təşkil etmişdi. RİİB bu layihənin davamı olaraq və daxil olan müraciətləri nəzərə alaraq regionlarda işləyəcək kadr hazırlığı üzrə kurslara başlayıb.
Kursu bitirmiş könüllülər RİİB-in dəstəyi ilə cənub regionu üzrə yaradılacaq Autizm Mərkəzində fəaliyyət göstərəcək.
RİİB digər bölgələr üzrə də analoji kursların davam etdirilməsi baxımından Səhiyyə Nazirliyi ilə birgə regionlarda autizm sindromlu uşaqlarla bağlı vəziyyəti təhlil edir.
1news.az