Satış məqsədi ilə gətirilən 1300 kiloqram ətin antisanitar vəziyyətdə daşındığı aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Satış məqsədi ilə gətirilən 1300 kiloqram ətin antisanitar vəziyyətdə daşındığı aşkarlanıb

15:30 - 14 / 05 / 2016
Satış məqsədi ilə gətirilən 1300 kiloqram ətin antisanitar vəziyyətdə daşındığı aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması, əhalinin sağlamlığı və qida zəhərlənmələrindən qorunması istiqamətində apardığı nəzarət tədbirlərini davam etdirir.

DBNX-nin mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, mayın 14-də gecə saat 1-2 radələrində Xidmətin mütəxəssisləri mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçiriblər.

Reyd zamanı Montin qəsəbəsində yerləşən “Ucal-Elgün” MMC heyvan kəsim məntəqəsinin həyətində Cəlilabad rayonundan Bakıya satış məqsədi ilə gətirilən, Babayev Hüseyn Fazil oğlunun idarə etdiyi “Qazel” markalı 15 BO780 dövlət nömrə nişanlı yük avtomobilində hissələrə bölünmüş 1300 kiloqramadək 9 baş iribuynuzlu heyvan cəmdəkləri aşkarlanıb.

Avtomobilə keçirilən baxış zamanı heyvan cəmdəklərinin antisanitar və standarta uyğun olmayan şəraitdə, üst-üstə yığılaraq daxili orqanlarla birgə daşındığı müəyyənləşib. Ətlərin orqonoleptik göstəriciləri qida üçün şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri mütəmadi davam etdiriləcək. Qanunazidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

1news.az

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər