Azərbaycan Prezidenti İlham Əliyev İranın kənd təsərrüfatı nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti İlham Əliyev İranın kənd təsərrüfatı nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

17:00 - 15 / 05 / 2016
Azərbaycan Prezidenti İlham Əliyev İranın kənd təsərrüfatı nazirinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının razılıq doğurduğunu dedi. Azərbaycanla İranın dost, qardaş, qonşu ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev hər iki ölkənin siyasi rəhbərliyinin İran-Azərbaycan əlaqələrinin daha da yüksək səviyyədə olması üçün çalışdıqlarını məmnunluqla qeyd etdi. Kənd təsərrüfatının ölkələrimiz üçün vacib sahələrdən biri olduğunu vurğulayan dövlətimizin başçısı digər sahələrdə olduğu kimi bu sahədə də Azərbaycan-İran əməkdaşlığının yaxşı nəticələr verəcəyini əminliklə bildirdi. Prezident İlham Əliyev İranda kənd təsərrüfatı sahəsində çox böyük uğurların əldə edildiyini vurğulayaraq Azərbaycanda da bu sahənin daha da inkişaf etdirilməsi və ölkəmizin öz ərzaq təhlükəsizliyini təmin etməsi istiqamətində böyük işlərin görüldüyünü dedi.

Dövlətimizin başçısı İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı əməkdaşlığımıza dair danışıqların səmərəli olacağına və birgə layihələrin icrası istiqamətində ciddi addımlar atılacağına ümidvar olduğunu bildirdi.

Nazir Mahmud Höccəti İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. O, son vaxtlar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərin İranda böyük məmnunluqla qarşılandığını dedi.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər