İlham Əliyev 80 illik yubileyi münasibətilə Oljas Süleymenovu təbrik edib
Prezident İlham Əliyev 80 illik yubileyi münasibətilə dünya şöhrətli qazax şairi Oljas Süleymenova təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Əziz Oljas Süleymenov!
Sizi – müasir ədəbiyyatın görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 80 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə səmimi qəlbdən xoşbəxtlik, cansağlığı, uzun ömür və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hələ gənclik illərinizdə Sizə böyük populyarlıq gətirən poetik istedadınız fikrin dərinliyi və poetik dilin bənzərsizliyi ilə həmişə oxucuları cəlb edib. Poeziyanıza xas olan gerçəkliyin fəlsəfi qavranışı Sizin nəsrinizdə, publisistikanızda və kino dramaturgiyanızda daha da inkişaf edib.
Bütün Azərbaycan xalqı üçün Siz ilk növbədə 1990-cı ilin Qanlı Yanvar hadisələri dövründə itkilərimizin bütün ağırlığını bizimlə bölüşən və öz ictimai fəaliyyətində Azərbaycan gerçəkliklərini son dərəcə obyektiv işıqlandıran bir insansınız. Antinüvə hərəkatında Sizin parlaq vətəndaş mövqeyiniz dünyada nüvə silahı sınaqlarının qadağan edilməsi uğrunda mübarizədə, heç şübhəsiz, öz rolunu oynayıb.
Müxtəlif xalqların tarixinə və ədəbiyyatına yeni yanaşmaların formalaşmasının zəruriliyi barədə Sizin qeyri-ordinar ideyalarınız mədəniyyətlərarası dialoqa layiqli töhfə verib. BMT-nin Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçirilən VII Qlobal Forumunda iştirakınız bir daha göstərdi ki, yarım əsrdən artıq müddətdə yaradıcılığınıza nüfuz etmiş mədəniyyətlərin qarşılıqlı mənəvi təsiri və bir-birini zənginləşdirməsi ideyası Sizə əvvəlki kimi yaxındır.
Sizə uğurlar diləyirəm”.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə ədəbi-ictimai fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği işində böyük xidmətlərinə görə O.Süleymenov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
1news.az