Düşənbədə “Humanitar fəaliyyət və beynəlxalq İslam hüququnda humanitar qaydalar” mövzusunda beynəlxalq konfrans keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Düşənbədə “Humanitar fəaliyyət və beynəlxalq İslam hüququnda humanitar qaydalar” mövzusunda beynəlxalq konfrans keçirilib

23:06 - 17 / 05 / 2016
Düşənbədə “Humanitar fəaliyyət və beynəlxalq İslam hüququnda humanitar qaydalar” mövzusunda beynəlxalq konfrans keçirilib

11-12 may tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində “Humanitar fəalliyət və Beynəlxalq İslam hüququnda humanitar qaydalar” adlı beynəlxalq konfrans keçirilib.

1news.az-ın məlumatına görə, Tacikistan Prezidenti yanında İslam Araşdırmalar Mərkəzi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Tacikistan nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Rusiya Federasiyası və Tacikistanın dövlət və ictimai xadimləri, alimlər, ilahiyyatçılar iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, prof. Aydın Əlizadə də konfransda məruzə ilə çıxış ediblər.

Açılış mərasimində N.Məmmədov İslamın humanist dəyərlərindən danışaraq müasir dünyada din adı altında törədilən vandalizmin İslami dəyərlərlə ziddiyyət təşkil etdiyini bildirib. O məruzəsində Azərbaycan timsalında dinlər və məzhəblərarası münasibətlərin tolerantlıq prinsiplərinə söykəndiyini, bütün dini konfessiyaların birgəyaşayış ənənələrinə sadiq qaldığını, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu xüsusilə vurğulayaraq dövlətin dini konfessiyalara qayğısının konkret faktlar üzrə təzahürlərini sadalayıb, bunun bariz nümunəsi kimi 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”nin elan olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Müxtəlif panellərdə müzakirə olunan münaqişələr zamanı humanitar münasibət və islami cəhətdən baxışla bağlı mövzular maraqla qarşılanıb və fikir mübadilələrinə səbəb olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru A.Əlizadənin “Dini təşkilatların humanitar fəaliyyəti və dinlərarası dialoq problemi” mövzusunda məruzəsi böyük maraqla qarşılanıb.

Sonda beynəlxalq konfrans iştirakçıları adından yekun bəyanat qəbul edilib.

1news.az

 

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər