Dövlət Neft və Sənaye Universitetində xeyriyyə konserti keçirilib – FOTO
Mayın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə Zaqulbada yerləşən Sümük və vərəm xəstəsi olan uşaqlara yardım məqsədilə xeyriyyə konserti və əl işləri yarmarkası keçirilib.
Universitetin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, xeyriyyə konsertində ADNSU-nun rəhbərliyi başda olmaqla, müəllim və tələbələr, eləcə də BMA-nın Fortopiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva və digər qonaqlar iştirak ediblər.
Konsert proqramında Bakı Musiqi Akademiyasından (BMA) beynəlxalq müsabiqənin qalibləri və Prezident təqaüdçüləri olan musiqiçilər öz ifaları ilə çıxış ediblər. Konsertdə Azərbaycan və xarici bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, konsert və sərgidə xəstə uşaqlar üçün ianə toplanıb.
Universitetin Tədris işləri üzrə prorektor Qasım Məmmədov çıxış edərək xeyriyyəçiliyin ali məqsədlərindən danışıb. O, xeyriyyəçiliyin insani və bəşəri dəyərlərə hörmətdən qaynaqlandığını önə çəkərək, hər kəsi ehtiyacı olan insanlara yardım etməyə, bu məqsədlə keçirilən xeyriyyəçilik tədbirlərində yaxından iştirak etməyə çağırıb.
1news.az