Prezident İlham Əliyevlə ABŞ-ın vitse-prezidenti Co Bayden arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevlə ABŞ-ın vitse-prezidenti Co Bayden arasında telefon danışığı olub

22:24 - 20 / 05 / 2016
Prezident İlham Əliyevlə ABŞ-ın vitse-prezidenti Co Bayden arasında telefon danışığı olub

Mayın 20-də Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişaf dinamikası müzakirə olunub.

Prezident İlham Əliyev bu il mart ayının sonlarında Vaşinqtonda Co Bayden ilə keçirdiyi görüşü məmnunluqla xatırladıb.

Dövlətimizin başçısı və ABŞ-ın vitse-prezidenti həmin görüş zamanı səmərəli müzakirələrin aparıldığını vurğulayıblar. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.

Söhbət zamanı uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
875

Son xəbərlər

Bütün xəbərlər