Mübariz Əhmədoğlu: Ermənilər itkin düşən şəxslərlə bağlı DNT analizinin nəticələrini özləri üçün təhlükəli hesab edirlər
Ermənistan itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsini istəmirlər.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşünün nəticəsi olaraq həmsədrlərin yaydıqları bəyanatı şərh edərkən deyib. Onun sözlərinə görə, prezidentlərin Vyana görüşündən sonra həmsədrlərin yaydığı bəyanatda əksini tapan məsələlərdən biri Dağlıq Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsini davam etdirilməsi mövzusudur.
“Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi məsələsi 2014-cü ilin noyabrında prezidentlərin Paris görüşü zamanı razılaşdırılmışdı. Parisdən qayıdan kimi Serj Sarkisyan Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi mövzusunu inkar etdi. İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan ordusu ən böyük hərbi təlimini keçirdi”.
M.Əhmədoğlu qeyd edib ki, itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi 1994-cü ilə qədər Dağlıq Qarabağ müharibəsi regionunda yaranmış məzarlıqların müəyyənləşməsi, cəsədlərin ekshumasiya olunması və DNT analizlərinin aparılması deməkdir. Ermənistan tərəfi isə bunu özü üçün təhlükəli hesab edir:
“DNT analizləri məzarlıqlardakı cəsədlərin şəxsiyyətini, o cümlədən milliyyətini müəyyənləşdirəcək. Ermənilər DNT analizinin nəticələrini özləri üçün təhlükəli hesab edirlər.
Eləcə də məzarlıqların yerlərinin tapılması üçün Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərdəki yaşayış məskənlərinə yerli Azərbaycan əhalisinin təmsilçiləri müvəqqəti də olsa qayıtmalıdır. Bir qrup azərbaycanlı isə həmin ərazilərdə mütəxəssis qismində iştirak etməlidir. Bu da erməniləri hədsiz qorxudur. Ona görə əsas diqqət həm də itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinə yönəldilməlidir. Qarşıdakı bir ay ərzində bu məsələ də öz həllini tapmalıdır”.
1news.az