ANAMA Füzuli rayonu ərazisində dörd partlamamış hərbi sursat aşkarlayıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

ANAMA Füzuli rayonu ərazisində dörd partlamamış hərbi sursat aşkarlayıb - FOTO

00:23 - 25 / 05 / 2016
ANAMA Füzuli rayonu ərazisində dörd partlamamış hərbi sursat aşkarlayıb - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mayın 24-də 3 ev və həyətyanı sahəyə, 4 əkin sahəsinə, 17 partlayış yerinə baxış keçirilib.

Dörd partlamamış 82 millimetrlik mərmi aşkar olunaraq götürülüb. Gün ərzində 41 min 630 kvadratmetr ərazi minalardan təmizlənib.

Bu barədə ANAMA-nın mayın 24-də Füzuli, Ağcabədi və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar barədə yaydığı hesabatında qeyd edilir.

ANAMA-nın mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Tərtər rayonunun Cəmilli, Əskipara, Ağcabədi rayonunun Hacılar kəndlərində evlərə və həyətyanı sahələrdə partlayış yerlərinə baxış zamanı partlamamış hərbi sursat aşkar olunmayıb. Ümumilikdə, 41 min kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunun Şükürbəyli kəndində 1 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib. Dörd partlamamış 82 millimetrlik mərmi aşkar olunaraq götürülüb. Yoxlanılan ərazi 630 kvadratmetr təşkil edib.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən mayın 24-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 518 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 3 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 14 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. 1457 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər