Robert Sekuta: “ABŞ Qarabağ münaqişəsinin həlli üçün səylərini artıracaq”
Bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
1news.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, R.Sekuta aprel hadisələrindən sonra Yevlax, Bərdə, Goranboy və Tərtər rayonlarına səfər etdiyini, orada məskunlaşan məcburi köçkünlərlə görüşdüyünü, Bərdə rayonu Yeni Daşkənd ərazisində həyata keçirilən su təchizatı layihəsi ilə maraqlandığını və təmas xəttində baş verən son hadisələrin yenidən təkrarlanmaması üçün ölkəsinin səylərini gücləndirdiyini diqqətə çatdırıb.
Ə.Həsənov isə Azərbaycanın işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən külli miqdarda narkotiklərin əkilib becərildiyini, əldə olunan gəlirlərlə silah alındığını bildirib.
O vurğulayıb ki, bu gün prezidentlə Azərbaycan xalqı və ordusu arasında monolit birlik var, bunun nəticəsidir ki, 2-5 aprel tarixlərində ordumuz bu uğurları əldə edib: “Ermənilər dərk etməlidirlər ki, sülhə gəlməkdən başqa yol yoxdur. Erməni xalqı da bu problemin həll olunmasını çoxdan istəyir, ancaq hakimiyyətdə olan faşist rejimi bunu istəmir, çünki onlar bu problemin üstündə hakimiyyətə gəliblər. Bəzən ATƏT-in Minsk Qrupunun həmsədrləri deyirlər ki, bu xalqların yenidən qonşuluqda yaşamaları üçün qarşılıqlı etimad lazımdır. Ancaq onlar bilməlidirlər ki, bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdırlar. ATƏT-in Minsk Qrupu xalqlar arasında sorğu aparsa, reallığı görər”.
R.Sekuta qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, Azərbaycan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində çox böyük işlər görüb: “Bura gəldiyim ilk gündən belə bir fikir səsləndirmişəm ki, uzun illərdir, insanların yaddaşına hopmuş “dondurulmuş münaqişə” ifadəsi yanlışdır".
ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən R. Sekuta qeyd edib ki, rəsmi Vaşinqton cəbhədə baş verənləri çox diqqətlə izləyir: "Son dövrlərdə insan itkilərinin artması bizi səylərimizi daha da artırmağa və sülhə nail olmağa vadar edir. Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq”.
Ə.Həsənov nəzərə çatdırıb ki, Azərbaycan problemin sülh yolu ilə həll olunmasını istəyir.
1news.az