Fransada etirazlar səngimir: Hökumətdən nümayişlərlə bağlı yeni qadağan edir

Fransada bahalaşmaya qarşı keçirilən və 500 mindən çox insanın iştirak etdiyi kütləvi etirazlar zorakılıq hadisələrinə çevrildikdən sonra hökumət şəhər mərkəzlərində yeni nümayişlərin keçirilməsini qadağan etmək qərarına gəlib.
1news.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Fransa hökuməti bahalaşmaya qarşı keçirilən kütləvi aksiyalardan sonra baş verən zorakılıq hadisələri ilə əlaqədar yeni etirazların məhdudlaşdırılması və qadağan edilməsi barədə qərar qəbul edib.
Fransa Prezidenti Emmanuel Makron müvafiq nazirlər və kəşfiyyat orqanlarının nümayəndələri ilə keçirdiyi görüşdən sonra bildirib ki, komendant saatı da daxil olmaqla, yeni təhlükəsizlik tədbirləri görüləcək. O, qanuni əsasları olmayan qrupların nümayişlər keçirməsinə imkan verilməyəcəyini qeyd edib.
Ölkədə sakitliyin bərpasının prioritet olduğunu vurğulayan Makron şənbə günü və sonrakı günlərdə ölkə üzrə keçirilməsi planlaşdırılan yeni aksiyalarla bağlı görüləcək tədbirləri müəyyənləşdirmək üçün müdafiə şurasını toplayacağını bildirib.
Oktyabrın 17-də Fransada bahalaşmaya etiraz olaraq 500 mindən çox insanın iştirak etdiyi kütləvi nümayişlərdən sonra dövlət binalarına hücumlar edilib, genişmiqyaslı talanlar və toqquşmalar baş verib.
Hökumət nümayəndələri hadisələrin son illərin ən ağır küçə zorakılığı olduğunu etiraf edib, polisin bəzi ərazilərdə vəziyyətə nəzarəti itirdiyini bildiriblər.
Makron ən ağır zorakılıq hallarının respublikanı devirməyi hədəfləyən ifrat solçu təşkilatlar tərəfindən təşkil olunduğunu iddia edib. Bununla belə, o, ölkədə fövqəladə vəziyyət elan etməyəcəyini açıqlayıb.
Fransa Prezidenti ölkədəki hadisələrlə bağlı şərh verən dünya liderlərini də tənqid edib və onların açıqlamalarını “axmaqcasına” adlandırıb.
Polis şəhər mərkəzlərinə girişi məhdudlaşdırıb
Paris Polis İdarəsi oktyabrın 17-də baş verən hadisələrdən əvvəl dörd həftə ərzində küçə aksiyalarında iştirak edən tələbələrin cümə axşamı paytaxtda keçirmək istədiyi yürüşü qadağan edib.
Tələbə nümayəndəsi Kopeliya Moreau AFP agentliyinə açıqlamasında qadağanın ləğvi üçün məhkəməyə müraciət etdiklərini bildirib. O, hakimiyyət orqanlarının nümayişçiləri “yaxşı” və “pis” qruplara ayırmağa çalışdığını deyib.
Moreau hökumətin heç bir nümayişə icazə vermək istəmədiyini bildirərək bu yanaşmanın etiraz hüququnu pozduğunu vurğulayıb.
Şənbə günü Parisdə keçirilməsi planlaşdırılan aksiyanın marşrutu da məhdudlaşdırılıb.
Polis yürüşün Bastiliya meydanından başlayaraq şəhərin şərq istiqamətində davam etməsinə icazə verib. Bununla yanaşı, mağazaların və mühüm dövlət binalarının yerləşdiyi şəhər mərkəzinə giriş qadağan edilib.
Bahalaşmaya qarşı aksiyaları həmkarlar ittifaqları ilə birgə təşkil edən “Sarı jiletlilər” hərəkatının nümayəndəsi Benjamin Ball isə bu məhdudiyyəti qəbul etməyəcəklərini və qərarla razılaşmadıqlarını bildirib.
Fransanın üçüncü ən böyük şəhəri olan Lionda da şənbə günü keçirilməsi planlaşdırılan bütün nümayişlər qadağan edilib.
Ötən həftəsonu şəhərdə 200-300 mağazanın talan edildiyi, turizm ofisinin yandırıldığı bildirilir. Şəhərin meri baş verənləri saatlarla davam edən xaos kimi xarakterizə edib.
Qrenobl, Ruan, Le Havr və Tulon şəhərlərinin mərkəzlərində də nümayişlərin keçirilməsinə qadağa qoyulub.
Limoges şəhərində isə XIX əsrə aid tarixi bələdiyyə binasının yandırılması ilə əlaqədar çərşənbə axşamı 30 yaşlarında bir nəfər saxlanılıb. Cümə axşamı günü isə hadisə ilə bağlı 66 yaşlı kişi də polis tərəfindən saxlanılıb.
Saxlanılanların sayı 2 500-ü ötüb
Fransanın ədliyyə naziri Jerald Darmanen bildirib ki, ötən həftəsonundan bəri saxlanılan 2 500 nəfərdən 174-ü həbsxanaya göndərilib. 900-dən çox şəxs barəsində isə hüquqi prosedurlar davam etdirilir.
Baş verən hadisələr prezident seçkilərinə altı ay qalmış ölkədə siyasi müzakirələri də kəskinləşdirib.
İctimai rəy sorğularında öndə görünən ifrat sağçı siyasətçi Marin Le Pen Makronu və mərkəzçi hökuməti ölkədə nüfuz və nəzarət yarada bilməməkdə, eləcə də nümayişçilərə qarşı həddindən artıq yumşaq davranmaqda ittiham edib.
Hökumətin aksiyalar zamanı zorakılığı pisləmədiyinə görə tənqid etdiyi ifrat solçu düşərgənin namizədi Jan-Lük Melanşon isə hadisələrin böyüməsinə görə hakimiyyət orqanlarını məsul tutub. O, buna səbəb kimi təhlükəsizlik qüvvələrinin fasiləsiz və sərt müdaxilələrini göstərib.
Fransanın Baş naziri Sebastyan Lekornu siyasi partiyaların nümayəndələri ilə görüşərək onların narazılıqlarını dinləməyə və əməkdaşlıq imkanlarını müzakirə etməyə başlayıb.
Görüşdə əksər siyasi partiyalar sədrləri səviyyəsində təmsil olunsalar da, Marin Le Penin rəhbərlik etdiyi Milli Birlik Partiyası toplantıya daha aşağı vəzifəli nümayəndə göndərib.
Lekornu siyasi partiyalarla görüşlərdən sonra bələdiyyə sədrləri ilə də bir araya gələcəyini, bazar ertəsi isə tələbə nümayəndələri ilə görüşəcəyini açıqlayıb.











