Rusiyanın müsbət diplomatik gedişi: Lavrovun səfərinin nikbin notları – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın müsbət diplomatik gedişi: Lavrovun səfərinin nikbin notları – Newtimes.az

22:54 - 18 / 07 / 2016
Rusiyanın müsbət diplomatik gedişi: Lavrovun səfərinin nikbin notları – Newtimes.az

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinə ekspertlər ciddi önəm verməkdədirlər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli məsələsində bu gəlişin müəyyən rol oynaya biləcəyinə inanırlar. Azərbaycan Prezidenti Moskvanın həmin məsələdə diplomatik fəallığını artırmasını bütövlükdə yüksək qiymətləndirdiyini bildirib.

Rusiya XİN-in başçısı da nikbin fikirlər söyləyib. Ekspertlərin rəyinə görə, münaqişənin həllində irəliləyiş əldə oluna bilər. İstənilən halda, vasitəçilərin daha da aktivləşməsi, xüsusilə də Rusiya rəhbərliyinin məsələyə diqqətini artırması pozitiv dəyişiklikdir. Bunun regional və qlobal təhlükəsizliyə təsiri ola bilər. Ancaq Ermənistanın hələ də qeyri-konstruktiv mövqedə qalması və bu ölkənin rəhbərliyinin məsuliyyətsiz bəyanatlar verməsi çətinliklər yaradır.

Pozitiv dönüş məqamı: vasitəçilərin fəallığı

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli məsələsində fəallaşması normal qəbul edilir. Moskvanın Cənubi Qafqaza təsiri böyükdür. Onun regionda ən yaxın müttəfiqi Ermənistandır, eyni zamanda, Azərbaycan onun strateji tərəfdaşıdır. Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Bakının geosiyasi nüfuzu durmadan artır. Bunlardan başqa, Azərbaycan Prezidenti Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında ciddi rol oynayıb.

Burada Yaxın Şərqdə və Şərqi Avropada baş verən geosiyasi hadisələri də nəzərə almaq lazımdır. Bütövlükdə supergüclərin qlobal miqyasda mübarizəsi yeni çalarlar almaqdadır. Bunun fonunda regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli məsələsi xeyli aktuallaşır. Təsadüfi deyil ki, Suriya və Ukrayna böhranı ilə yanaşı, son üç ay ərzində bir neçə dəfə yüksək səviyyədə Dağlıq Qarabağ məsələsi də böyük dövlətlərin və NATO-nun müzakirə mövzusu olub.

Vyana və Sankt-Peterburq görüşləri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Ermənistan və Azərbaycana, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri, prezidentlər Barak Obama və Vladimir Putin arasında telefon danışıqları, dövlət katibi Con Kerri və prezident Fransua Ollandla Azərbaycan dövlətinin başçısının görüşləri, nəhayət, xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişi münaqişənin həlli ilə bağlı diplomatik fəallığın yeni səviyyəyə yüksəldiyini göstərir.

Deməli, məsələ yalnız Rusiyanın regiona ənənəvi təsir imkanlarında deyil. Problemə münasibət qlobal səviyyədə keyfiyyət dəyişikliyinə uğramaqdadır. Bir şey aydındır – dünya miqyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətdə qalması qəbul edilmir. Bunun heç kəsə xeyri yoxdur, əksinə, meydana təhlükəsizliklə bağlı yeni problemlər çıxa bilər.

Onu vurğulayaq ki, erməni tərəfi məhz bu müəyyən mənada seytnot vəziyyətindən istifadə etməklə vasitəçiləri və beynəlxalq aləmi çaşdırmağa çalışır. Onlar ortaya təxribat xarakterli iddialar atmaqla münaqişənin həlli prosesini dalana dirəməyə çalışırlar. Məsələn, Ermənistan prezidenti S.Sarkisyan Livanın "Əl-Mayadin" telekanalına müsahibəsində deyir ki, "Dağlıq Qarabağda ermənilər min illər (?? – Newtimes.az) yaşayıblar... Dağlıq Qarabağ əhalisini dünya da gəlsə, öz fikrindən döndərə bilməz" (bax: Серж Саргсян: Даже весь мир не сможет убедить население Карабаха / "A1Plus.am", 12 iyul 2016).

Bundan sonra isə daha geniş miqyasda təhdidə keçib söyləyir: "Bizim regionda münaqişələr aktivləşə və Avropanın təhlükəsizliyi üçün təhdidə çevrilə bilər" (bax: Серж Саргсян: Конфликты в нашем регионе могут активизироваться и стать угрозой для безопасности Европы / "News.am", 12 iyul 2016). Biz S.Sarkisyanın riyakarlığı və yalanlarına öyrəşmişik. Lakin sənədlərdə dəqiq göstərildiyi kimi, ermənilər XIX əsrdə Qarabağa rus çarının göstərişi ilə köçürülüblər.

Bəlkə də hansısa ərəb telekanalının bundan xəbəri yoxdur, ancaq S.Sarkisyanın sözlərini dünya oxuyur və ona gülür. Digər tərəfdən, rəsmi İrəvan özünü olduqca məsuliyyətsiz apararaq, Dağlıq Qarabağ əhalisinin əksəriyyətinin azərbaycanlılar olduğunu insanlara unutdurmağa cəhd edir. Belə olmasaydı, həmin bölgədə yaranmış indiki vəziyyəti əbədi hal kimi qələmə verməyə çalışmazdılar. Onlar "Dağlıq Qarabağ əhalisi" dedikdə, yalnız erməniləri deyil, azərbaycanlıları və onların yanaşı, buraya sonradan köçürülmüş erməniləri nəzərdə tutmalıdırlar.

Moskva və Bakı sülh yolunda: İrəvan əngəl törədir

Bütün bunların Sergey Lavrovun Bakıya səfərinə birbaşa aidiyyəti vardır. Çünki Ermənistanın reallığı hələ də təhrif olunmuş formada, hədsiz məsuliyyətsizliklə dünyaya təqdim etməsi, diplomatların işlərini xeyli mürəkkəbləşdirir. Danışıqlarda aydın ifadə edilir ki, məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər. Madrid, Kazan, Vyana, Sankt-Peterburq görüşlərinin hər birində və NATO-nun Varşava sammitinin sənədlərində həmin məqam dəqiq öz əksini tapıb. Bunlara rəğmən, İrəvanın gah "DQR" adlı qondarma qurumun tanınmasından, gah erməni əhalinin hansısa iradəsindən dəm vurması Ermənistanın çətinliklər yaratmaqda davam etdiyini təsdiqləyir.

Ermənistanın bu cür destruktiv davranışının fonunda rəsmi Bakının təmkinli və real mövqe nümayiş etdirməsi diqqətdən kənarda qalmamalıdır. Prezident İlham Əliyev S.Lavrovu qəbul edərkən Rusiyanın münaqişənin həlli istiqamətində atdığı addımları müsbət qarşıladıqlarını bildirib. Dövlət başçısı vurğulayıb: "Biz Rusiya tərəfinin, şəxsən Prezidentin səylərini yüksək qiymətləndiririk. Mən həm Sizə, həm də Rusiya Prezidentinə Sankt-Peterburqda görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Biz bu görüşü çox səmərəli və müsbət görüş kimi qiymətləndiririk. Əlbəttə ki, son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamikanın davam edəcəyinə ümid bəsləyirik. Hesab edirəm ki, danışıqların bu dövrü ən dinamikdir və ümidvaram, həm də ən səmərəli olacaq" (bax: Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib / AZƏRTAC, 11 iyul 2016).

Rusiyanın xarici işlər naziri S.Lavrov da Bakıda nikbin fikirlər ifadə edib. O deyib ki, "…biz uğur qazanmağa yaxınıq" (bax: Галина Дудина. Сергей Лавров облетел Карабах с двух сторон / "Коммерсантъ", 12 iyul 2016). Azərbaycanın xarici işlər naziri də rusiyalı həmkarının verdiyi informasiyanın pozitiv əhval-ruhiyyə yaratdığını vurğulayıb (bax: əvvəlki mənbəyə).

Vasitəçilərin problemin həllinə daha aktiv qoşulmasını, xüsusilə Rusiyanın fəallığını, Ermənistanın qeyri-konstruktiv mövqedə qalmasını və Azərbaycanın danışıqlara son dərəcə pozitiv yanaşmasını S.Lavrovun Bakıya səfəri kontekstində təhlil edərək bir sıra nəticələr çıxarmaq olar. Hər şeydən əvvəl, böyük dövlətlər anlayırlar ki, Cənubi Qafqazda geosiyasi vəziyyət indiki halında uzun müddət qala bilməz. Bu davam edərsə, regionda ciddi kataklizmlər meydana gələ bilər ki, bu da bütövlükdə dünyanın təhlükəsizliyi üçün təhdid deməkdir.

Bu bağlılıqda Moskva konstruktiv mövqe nümayiş etdirir. Rusiya regionda sabitliyin qorunmasında maraqlıdır. Bunun üçün o, siyasi-diplomatik fəallıq göstərir. Həmin prosesdə Kremlin Azərbaycanla münasibətlərə verdiyi önəm aydın hiss edilir. O, Ermənistanın iradlarını ciddi qəbul etmir. Digər tərəfdən, Türkiyə və İran faktorlarını nəzərə alaraq, Rusiya Azərbaycanla əlaqələrini inkişaf etdirməyə meyllidir. Bu, hər iki tərəfə – həm Azərbaycana, həm də Rusiyaya eyni dərəcədə faydalıdır.

Ermənistan isə bunların fonunda hansı istiqamətdə addım atmalı olduğunu ayırd edə bilmir. İrəvan "köhnə qapalı dairədə çırpınır". Başqa sözlə, separatçılıqdan, dağıdıcılıqdan, aqressiya mövqeyindən, başqa ölkələrin ərazilərinə əsassız iddialardan əl çəkmir. Ermənistan hələ də müharibə fəlsəfəsinin əsiridir. Ona elə gəlir ki, Azərbaycan torpaqlarını öz gücünə işğal edib və bu, əbədi qələbə deməkdir. Bu psixoloji apatiyadan rəsmi İrəvan bəlkə də növbəti ağır hərbi zərbə nəticəsində çıxa bilər.

Təbii ki, bütün bunlara görə, S.Lavrovun Azərbaycan səfəri müsbət hal sayılmalıdır. Bir tərəfdən, Bakı ilə Moskva münaqişənin sülh yolu ilə həlli məsələsində eyni fikirdə olduqlarına bir daha əmin oldular. Rusiya rəhbərliyi növbəti dəfə gördü ki, Bakı barış və sülh arzulayır. Digər tərəfdən, Ermənistan rəhbərliyinin köhnə ritorikada qalaraq, gərginliyi saxlamağa çalışdığı bir daha öz təsdiqini tapdı. Bundan sonrası vasitəçilərin İrəvana təsirindən çox asılıdır. Onlar Ermənistanı hərbi zərbədən xilas edə bilərlər. Əksi də mümkündür.

Newtimes.az

Paylaş:
699

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər