Azərbaycan Şərq ilə Qərb arasında mədəni körpüdür
Argentina mətbuatında Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi ilə bağlı məqalələrə rast gəlmək hər zaman xoşdur. Azərbaycan tolerantlığın mədəni, dini və dil müxtəlifliyi ilə birləşdiyi bir ölkədir. Azərbaycan təkcə enerji ehtiyatları ilə deyil, həm də nadir təbiəti, adət və ənənələri və əlbəttə ki, multikulturalizmi ilə zəngin bir ölkədir.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Argentinadakı səfirliyinin müvəqqəti işlər vəkili Rəşad Aslanovun Argentina Milli Xəbər Agentliyi TELAM-da yayımlanan məqaləsində bildirilir.
Məqalədə qeyd olunur: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2016-cı il Azərbaycanda Multikulturalizm ilidir. Azərbaycan dünya birliyi tərəfindən milli adət və minillik mədəniyyətə malik, müxtəlif xalqların və dini icmaların nümayəndələrinin sülh şəraitində yaşadığı, müxtəlif sivilizasiyaların qovuşduğu nöqtədə yerləşən bir ölkə kimi tanınır. 2014-cü ildə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır ki, bu, multikulturalizm dəyərlərinin təşviqi yolunda mühüm bir addım olmuşdur".
Müəllif yazır ki, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkənin tolerantlıq prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirib: "1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratiya quran və 1919-cu ildə qadınlara seçki hüququ verən Azərbaycan bu gün bir çox ölkələr üçün müxtəlif etnik və dini mənsubiyyəti olan insanların sülh şəraitində birgə yaşaması modeli rolunu oynayır. Dünyəvi Azərbaycanda tolerantlıq və multikulturalizm Şərq və Qərbin kəsişməsində yaşayan və ənənə və mədəniyyətləri birləşdirən 9.6 milyondan artıq insan üçün həyat tərzidir. Ölkə əhalisinin böyük hissəsinin (təqribən 96%) müsəlman olmasına baxmayaraq digər dinlərin təmsilçiləri burada azadlığa malikdir, yəhudi sinaqoqları, katolik və ortodoks kilsələri və digər dini mərkəzlər azad fəaliyyət göstərirlər. Azərbaycanda 1300 məscid, 50-dən çox kilsə və sinaqoq fəaliyyət göstərir".
Müəllif həmçinin bildirir ki, 743-cü ildə inşa edilmiş dünyanın ən qədim məscidlərindən biri qədim Azərbaycan şəhəri Şamaxıda yerləşir: "Qafqazda ilk kilsə Kiş kəndində (Şəki, Azərbaycan) Qüdsün birinci patriarxı Yakovun xeyir-duası ilə yeni dini yaymağa başlayan apostol Faddeyin (Tadeo) davamçılarından biri tərəfindən tikilmişdir. Yəhudilərin İsrail dövlətindən kənarda ən çox məskunlaşdığı ərazi Azərbaycan rayonu Qubada yerləşən Qırmızı qəsəbədir. 4 minlik əhalisi var. Baxmayaraq ki, dağ yəhudiləri Quba rayonunda XIII əsrdən etibarən məskunlaşmağa başlayıblar, Krasnaya Slobodanın (rus dilində) yaradılması XVIII əsrə - 1742-ci ildə Quba xanı Fətəli xan tərəfindən yəhudilərə məskunlaşmaq və Quba şəhərində çayın digər tərəfində təqibdən azad icma yaratmaq icazəsi verdiyi dövrə təsadüf edir. İlkin adı Yevreyskaya Sloboda (Yəhudi Şəhəri) olmuş, Sovet hakimiyyəti dövründə Krasnaya Slobodaya (Qırmızı Şəhər) dəyişdirilmişdir. 2003-cü ildə burada yeni və Bakıda ən böyük sinaqoq açılmışdır".
Müəllif sonra yazır: "Təəssüf ki, antik tikililər, tarixi abidələr, muzeylər, məscid və kilsələrin də daxil olduğu mədəni irsimizin mühüm hissəsi qonşu Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 ətraf rayonda məhv edilmişdir. Bundan fərqli olaraq biz Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən erməni xalqının dini irsini mühafizə edirik. Hətta erməni kilsəsi bərpa olunmuş və tikildiyi yerdə qalmaqdadır. Lakin bizim işğal olunmuş ərazilərdəki məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bizim fərqli mənşə və dinə mənsub vətəndaşlarımız əsrlər boyunca ölkədə sabitlik, qardaşlıq-dostluq münasibətləri şəraitində öz dil və mədəniyyətlərini, adət və ənənələrini saxlayaraq, Azərbaycanın ictimai və siyasi həyatında iştirak edərək yaşayırlar, Azərbaycanın multietnik və multidini cəmiyyətinin ayrılmaz tərkib hissəsini formalaşdırırlar. Bu icmalar ölkəmizin inkişaf prosesində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar".
Məqalədə eyni zamanda qeyd olunur ki, 2016-cı ilin 25-27 aprel tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Azərbaycan Prezidenti İlham Əliyev bildirib:
“Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb”.
Həqiqətən də, tolerantlıq və multikulturalizmə münasibətdə Azərbaycanın öz dəyərləri var və bu dəyərləri bütün dünya ilə bölüşməyə hazırdır".
1news.az