Erməni üsyanı: lokal xarakteri və geosiyasi riskləri - Newtimes.az
İrəvanda üsyan hadisəsinə təəccüblənmirlər. Onsuz da ermənilər uzun illərdir ki, qan tökməkdən başqa işlə məşğul olmurlar.
Lakin bu dəfə hədəf özləri oldu. Bir qrup radikal müxalifətçi İrəvanın ən böyük rayonu olan Erebunidəki polis alayına hücum edərək bir nəfəri öldürüb, 8 polisi girov götürdülər. Sonradan onların 3-ü azad edildi. Etirazçılar S.Sarkisyanın istefası və həbsdə olan müxalifətçi J.Səfilyanın azadlığa buraxılmasını tələb edirlər. Nəticəsindən asılı olmayaraq bu hadisələr siyasi proses kimi maraq doğurur.
Bir sıra dairələr Ermənistanda demokratiyanın mövcudluğundan, söz azadlığından, insan haqlarına əməl olunmasından ağızdolusu danışırlar. Müxaliflərin bu etirazı isə sübut edir ki, erməni əhalisinin dinc yolla siyasi fəaliyyət göstərmək imkanları minimuma bərabərdir. Müxalif qüvvələr bəyan edirlər ki, silahlı mübarizədən başqa yolları qalmayıb. Bəs söz azadlığı, siyasi fəaliyyət sərbəstliyi, demokratik idarəetmə, insan hüquqlarına əməl olunması ilə bağlı İrəvanın bəlağətli sözləri və beynəlxalq təşkilatların təntənəli hesabatları bu həqiqətin harasında yer alıb? Heç bir yerində, çünki hamısı cəfəngiyatdır. Bunu Erebuni olayı əyani şəkildə təsdiq edir. Ona geniş nəzər salaq.
Boğulan demokratiya: rəsmi İrəvanın və havadarların vicdanı fonunda
Ermənistanda gərginliyin artacağı gözlənilən idi. Ölkə rəhbərliyinin siyasətində ziddiyyətlər kifayət qədərdir və onların aradan qaldırılması üçün heç bir addım atılmır. Əksinə, meydana yeni-yeni problemlər çıxır. Keçən ilin dekabrında keçirilən referendum vəziyyəti daha da ağırlaşdırdı. Prezident S.Sarkisyan konstitusiyaya dəyişikliyi nəzərdə tutan həmin tədbiri dövlətçiliyi möhkəmləndirməklə əlaqələndirirdi. Onun fikrinə görə, Ermənistanda mövcud olan yarımprezident üsul-idarəsini dəyişmək, konkret olaraq parlament idarə sisteminə keçmək gərəkdir (bax: Группа оппозиционеров захватила полк полиции в Ереване и требует отставки властей Армении / ТАСС, 17 iyul 2016).
Müxalifətin əksər hissəsi isə başqa cür düşünür. Onlar hesab edirlər ki, konstitusiyaya edilən dəyişiklik S.Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının uzun müddət hakim vəziyyətdə olmasına xidmət edir. Bir neçə aydır ki, bu məsələ ilə bağlı müxalifətin radikal qanadı ilə hakimiyyət arasında çəkişmələr gedir. Onu demək gərəkdir ki, S.Sarkisyanın konstitusiya islahatlarına yalnız radikal müxalifət etiraz etmir. Lakin radikallar zor tətbiq etməklə hakimiyyəti dəyişməyin mümkünlüyünü irəli sürürlər.
Bu aspektdə “Yeni Ermənistan” adlanan müxalif hərəkatın lideri Jirayr Səfilyan daha sərt mövqe tutur. O əmindir ki, ölkədə vəziyyəti ancaq “silahlı üsyan” yolu ilə dəyişmək olar. Çünki S.Sarkisyan hakimiyyəti dinc yolların hamısını bağlayıb (bax: əvvəlki mənbəyə). J.Səfilyanın tərəfdarları “Təsis parlamenti” yaradaraq hakimiyyəti ələ keçirib islahatlar həyata keçirmək məqsədi güdürlər.
İyunun 20-də Ermənistan polisi J.Səfilyanı qanunsuz silah saxladığına və qarışıqlıq yaratmaq istədiyinə görə həbs edib. Buna etiraz olaraq iyulun 17-də səhər saatlarında “Təsis parlamenti” tərəfdarları İrəvanın Erebuni rayonunun polis alayını ələ keçiriblər. Atışma nəticəsində 1 polis həlak olub, 8 nəfər polis üsyançılar tərəfindən girov götürülüb. Onların sırasında Ermənistan polis rəisinin müavini V.Yeqiazaryan və İrəvan şəhər polis idarəsi rəisinin müavini V.Oipyan da var (bax: Захват полицейского полка в Армении / ТАСС, 17 iyul 2016).
J.Səfilyanın tərəfdarları bəyanat yayıblar ki, liderləri azad olunmalı və S.Sarkisyan istefa verməlidir. Onlar müdafiə xətti qurublar. Hüquq-mühafizə orqanları isə ərazini mühasirəyə alaraq ətraf evlərdən əhalini köçürüblər (bax: В Ереване началась эвакуация жителей прилегающих к зданию полиции домов / "rambler.ru", 17 iyul 2016).
Rusiyanın “Ria Novosti” və “İnterfax” informasiya agentliklərinin yaydıqları məlumatlara görə, hakimiyyət yaranmış vəziyyəti ciddi qəbul edir, lakin onu üsyan adlandırmır. Buna baxmayaraq, artıq 200-dən çox insanın həbs edildiyi haqqında məlumatlar yayılıb.
Qarşıdurmadan xaosa: Ermənistan öz ampluasında
Hadisələrin necə nəticələnməsindən asılı olmayaraq, yaranmış sosial-siyasi vəziyyət bir sıra aspektlərdə maraq doğurur. Hər şeydən əvvəl, etirazçıların arqumentləri diqqəti çəkir. Onlar Ermənistan hakimiyyətini rüşvətxorluqda, korrupsiya əməllərində, hakimiyyəti zəbt etməkdə və Dağlıq Qarabağda aprel ayındakı müharibədə zəiflik göstərməkdə ittiham edir, bütün bunlarda birbaşa S.Sarkisyan iqtidarını günahlandırırlar.
“Təsis parlamenti”nin üzvləri S.Sarkisyanın regionçuluq prinsipi ilə ölkəni idarə etdiyini ifadə edirlər. Kadrlar əsas olaraq həmin şərtlərə görə seçilir. Ermənistanda bu üsul-idarə o dərəcədə ağır vəziyyət formalaşdırıb ki, S.Sarkisyan və tərəfdarları özlərinə ömürlük təminat arzusuna düşüblər. Konstitusiyada dəyişiklik də məhz bu məqsədə xidmət edir.
Buradan müxaliflər belə nəticə çıxarırlar ki, Ermənistan hakimiyyəti seçki yolu ilə dəyişikliyin olması imkanlarını heçə endirib. Ölkədə faktiki olaraq diktatura rejimi qurulub. Avtoritarizm yüksək səviyyəyə qalxıb. Beynəlxalq təşkilatların Ermənistanda söz azadlığı, insan azadlığı, müxalif siyasi fəaliyyətlə real olaraq məşğul olmaq, demokratiya prinsiplərinə əməl etmək kimi gəlişigözəl sözlər işlətməsinin heç bir əsası yoxdur. Buna görədir ki, müxalifətin əlacı silahlı üsyana qalıb.
Maraqlıdır ki, rəsmi İrəvanın havadarları məsələnin bu tərəfi ilə bağlı fikir bildirmirlər. Onlar Türkiyədə Ərdoğan hakimiyyətindən bol-bol qərəzli danışır, lakin Ermənistanda baş vermiş silahlı etirazın siyasi müstəvidə qiymətləndirilməsindən söz belə açmırlar. Azərbaycanda bir vaxtlar siyasi məhbus axtaranlar, söz azadlığının məhdudlaşdırılmasından dəm vuranlar, müxtəlif bölgələrdə milli azlıq problemi uydurmağa çalışanlar indi “Təsis parlamenti”nin nümayəndəsi V.Avetisyanın hüquqlarının pozulmasının qarşısını yalnız silahlı üsyanla ala biləcəklərinin və buna görə də bütün xalqı dirənişə çağırmaqlarının arxasında duran səbəblərdən bəhs etmirlər. Onlar İrəvanın “Azadlıq” meydanında həbs edilən D.Sansaryan və A.Qukasyanı siyasi məhbus elan edəcəklərmi?
Fransanın xarici işlər naziri Ankaraya xəbərdarlıq etməyə çalışır ki, hərbi qiyamdan sonra təmizlik aparmasın (?!). Ancaq artıq İrəvanda siyasi hakimiyyət heç bir əsas olmadan yüzlərlə insanı müxalif mövqeyinə görə saxlayır. Buna niyə reaksiya yoxdur?
Bütün bunlara rəğmən, Ermənistanda ciddi siyasi ziddiyyətlərin qabardığına şübhə yoxdur. Müxalifətin bir qismi silahlı yolla hansısa dəyişikliyə nail olmağı doğru saymır (bax: məs., В Армении лидер оппозиции прокомментировала действия захвативших здание полиции / "Interfax", 17 iyul 2016). Ancaq heç kəs həllini gözləyən siyasi problemlərin olduğunu da inkar etmir. Siyasətçilər Ermənistanda vəziyyəti kardinal surətdə yeniləşdirməyi zəruri sayır, hətta bir sıra hallarda iqtidarı kəskin şəkildə tənqid atəşinə də tuturlar. Analitik İ.Muradyan Ermənistan hakimiyyətini “tayı-bərabəri olmayan axmaqlıqda (orijinalda, “idiotizm” – Newtimes.az) və milli maraqları satmaqda” ittiham edir (bax: Игорь Мурадян. Пока армяне врут / “Lragir.am”, 16 iyul 2016).
Deməli, Ermənistan cəmiyyəti və siyasi hakimiyyətində böyük problemlər mövcuddur. Söhbət bir qrup radikal müxalifətçinin şıltaqlığından getmir. Proseslər radikallıq istiqamətində daha da dərinləşə bilər. S.Sarkisyanın siyasi hakimiyyəti saxlamaq üçün sərt addımlar atması ehtimalının yüksək olduğunu nəzərə alsaq, Cənubi Qafqazın bu kiçik dövlətində qarışıqlığın meydana çıxmasını proqnozlaşdırmaq olar. Demokratiya və sivil idarəetmə üsullarından çox-çox uzaq olan rəsmi İrəvan faktiki olaraq yalnız Ermənistanı deyil, bütövlükdə regionu çətin vəziyyətə salmaqdadır. Bunu onun havadarları da görməli və müvafiq tədbir görməlidirlər. Əks halda, təhlükəsizliyi təhdid edən tendensiyalar baş qaldıra bilər.
Beləliklə, İrəvanın bir rayonunda polis alayının silahlılar tərəfindən zəbt edilməsi özlüyündə lokal hadisədir. Lakin prosesin mahiyyəti, üsyançıların qoyduqları tələblər Ermənistanda ümumi vəziyyət fonunda xeyli dərəcədə təhlükəli təsir bağışlayır. Həmin kontekstdə olayın regional və qlobal miqyasda geosiyasi məzmun kəsb etməsi ehtimalı az deyil. Ermənistan onsuz da region üçün xaos mənbəyidir, son hadisələr onun bu aspektdəki “xidmətlərini” yeni səviyyəyə yüksəldə bilər. Bizcə, böyük dövlətlər də bu məqam üzərində düşünməlidirlər.
Newtimes.az