Kilauea yenidən püskürdü – lava 120 metrə qalxdı
Dünyanın ən aktiv vulkanlarından biri olan ABŞ-ın Havay adasındakı Kilauea yenidən fəallaşıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Havay Vulkan Müşahidəxanasının məlumatına görə, vulkan 23 dekabr 2024-dən bu yana artıq 37-ci dəfə püskürüb və 120 metr hündürlüyə qədər lava atıb.
Qeyd olunur ki, püskürmə Havay Vulkanları Milli Parkının ərazisində yerləşən Halemauma krateri ilə məhdudlaşıb. Vulkanın son aktivliyi 9 noyabrda qeydə alınmışdı.
2018-ci ildə 700-dən çox ev məhv olmuşdu
Kilaueada son püskürmə dalğası 23 dekabr 2024-də başlayıb. Əksər püskürmələr bir gündən az davam edir, onların arasındakı fasilələr isə bir neçə gün çəkir.
Xatırladaq ki, 2018-ci ildə vulkanın təxminən 3 ay davam edən aktivliyi nəticəsində 700-dən çox ev tamamilə məhv olmuşdu.












