Mübariz Əhmədoğlu: Nəinki Azərbaycanın tərkibində yaşamağa, hətta Ermənistandan qisas almağa hazır olan Dağlıq Qarabağ erməniləri var
Serj Sarkisyanın Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamağa razı olmayacaqları ilə bağlı dedikləri yalandır. Nəinki Azərbaycanın tərkibində yaşamağa, hətta Ermənistandan qisas almağa hazır olan Dağlıq Qarabağ erməniləri var.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistan prezidenti S.Sarkisyanın “əl Məyadin” televiziyasına verdiyi müsahibəsində Dağlıq Qarabağ ermənilərinin ölməyə razı olduqlarını, amma Azərbaycanın tərkibində yaşamağa razı olmayacaqları ilə bağlı dediklərini şərh edərkən bildirib:
“Dağlıq Qarabağ erməniləri indiki pis vəziyyətlərinə görə Ermənistanı günahkar bilirlər. Hətta müharibə dövründə belə onlar müxtəlif yollarla Azərbaycana sifariş göndəriblər. Dağlıq Qarabağın rəhbərliyi içərisində Azərbaycanla danışığa can atanlar olub. Dağlıq Qarabağ parlamentinin sədri Artur Mkrtçyana sui-qəsd olunmasının səbəbi onun Azərbaycanla danışıqlara hazırlaşması idi”.
M.Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağda “İnternational Alert”, Böyük Britaniyanın digər bir rəy təşkilatı Kuperin rəhbərlik etdiyi “Populus” təşkilatı və Ermənistanın özünün “Sosiometr” sosioloji tədqiqat mərkəzi rəy sorğuları keçiriblər. Sorğunun nəticəsinə görə, Ermənistanda əhalinin 66 faizi Ermənistanın inkişaf perspektivlərinə optimist yanaşdığı dövrdə belə Dağlıq Qarabağ ermənilərinin 1 faizindən çoxu Azərbaycanın tərkibinə qayıtmağa razı olduqlarını bildiriblər. Zaman keçdikcə rəqəmlər artıb.
Politoloq bildirib ki, Dağlıq Qarabağda keçirilən rəy sorğularının nəticəsi Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibinə qayıtmaq istədiyinə görə həmişə siyasiləşmiş mövzu olub. Ermənistanda həmişə çalışıblar ki, Dağlıq Qarabağda rəy sorğuları keçirilməsin. Ona görə, artıq “İnternational Alert” təşkilatı 2010-cu ildən bəri rəy sorğusu keçirmir. Onun keçirtdiyi son rəy sorğusu 2009-cu ildədir. O rəy sorğusunda da artıq Dağlıq Qarabağ əhalisinin 10 faizi Azərbaycanın tərkibində yaşamağa etiraz etmirdi:
“Dağlıq Qarabağda keçirilən sosioloji sorğuların siyasiləşməsinin ən bariz misalı “Populus” təşkilatının apardığı rəy sorğusudur. Orda da əhalinin ən azı 7 faizi Azərbaycanın tərkibində yaşamağa etiraz etmir. Yəni, belə bir nəticə çıxarmaq mümkündür. Amma “Populus” təşkilatının rəy sorğusunu siyasiləşdirən başqa məqamdır. “Populus” Dağlıq Qarabağ ermənilərinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına rəyini soruşur, amma Dağlıq Qarabağ ermənilərinin Azərbaycana münasibətini hərtərəfli tədqiq edən sosioloji tədqiqat işləri aparmır. Yalnız ümumi ifadə işlədir ki, Dağlıq Qarabağ əhalisinin böyük əksəriyyəti Azərbaycanın tərkibinə qayıtmağa razı deyil”.
Ən maraqlı nəticə isə Aaron Adibekyanın rəhbərlik etdiyi “Sosiometr” mərkəzinin 2013 cü ilin fevralında keçirdiyi rəy sorğusudur. Bəlli olur ki, Dağlıq Qarabağ əhalisinin 44 faizi Dağlıq Qarabağın müstəqil olmasının, 44 faizi Dağlıq Qarabağı Ermənistana birləşdirməsinin tərəfdarıdır. Dağlıq Qarabağın qalan 12 faiz əhalisi isə indiki statusun tərəfdarıdır, yəni qeyri-müəyyənliyin tərəfdarıdır. Aydındır ki, Dağlıq Qarabağ ermənilərinin 12%-i Azərbaycanın tərkibində yaşamağa etiraz etmirlər.
M.Əhmədoğlunun sözlərinə görə, Ermənistanda isə əhalinin 48,4%-i Dağlıq Qarabağın Ermənistana birləşməsinin, 30,8%-i müstəqilliyin tərəfdarıdır. Belə başa düşülür ki, Ermənistanda əhalinin 20,8% Dağlıq Qarabağın taleyini Azərbaycanla əlaqəli hesab edir. Təbii ki, bu da S.Sarkisyana bağlı olan “Sosiometr” mərkəzinin siyasi göstəricisidir:
“Ayrıca olaraq Amerika sosioloqlarının 2006-cı ilin yazında keçirdiyi rəy sorğusunun üstündə dayanmaq istəyirik. Ermənistan əhalisinin 55,2%-i Dağlıq Qarabağın statusu ilə bağlı yeni referendumun keçirilməsinin tərəfdarıdır. 21,6% isə əleyhinədir. Respondentlərin yalnız 56,7% - referendumun indiki sakinlər arasında keçirilməsinin tərəfdarıdır. 35,5% -i isə bu və ya digər formada referendumda azərbaycanlıların iştirakının tərəfdarıdır.
Digər nəticə: Dağlıq Qarabağ əhalisinin təxminən yarısı 1991-ci ildə keçirilən referendumu inkar edir, yeni referendumun keçirilməsinin tərəfdarıdır. Dağlıq Qarabağ ermənilərinin 35,5%-i yeni referendumda Dağlıq Qarabağdan deportasiya olunmuş azərbaycanlıların iştirakının tərəfdarıdır. Beləliklə, bu o deməkdir ki, 35,5% Dağlıq Qarabağ ermənisi Dağlıq Qarabağ azərbaycanlıları ilə birlikdə öz talelərini Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması formasında müəyyən etmək istəyirlər.
Dağlıq Qarabağ erməniləri Ermənistana qarşı mübarizə üçün Azərbaycandan kömək istəyə bilərlər. Məhz buna görə Ermənistan prezidenti S.Sarkisyan Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağ azərbaycanlıları ilə təmasına qadağa qoyub.
Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında olan narazılığın kökü bizə çox gözəl bəllidir. Buna əyani dəlillərimiz var. Dağlıq Qarabağ ermənilərindən indi də Azərbaycan rəhbərliyinə doğru müraciətlər var. S.Sarkisyan bu amili nəzərə alsa, pis olmaz. Hər halda nə vaxtsa həmsədr ölkələr Dağlıq Qarabağda rəy sorğusu keçirmək istəsələr, S.Sarkisyan tam ifşa olunacaq”.
1news.az