Mübariz Əhmədoğlu: “Rusiya Ermənistandakı hadisələri dərk etməyə çətinlik çəkir”
Ermənistan və Serj Sərkisyan antiRusiya mahiyyətli olmağa məhkumdur. Ermənilər ya Qərbin əlində alət olub Rusiyanın əleyhinə işləməlidir və ya Rusiyanın əlində alət olub Qərbə qarşı işləməlidir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanda baş verən son hadisələri şərh edərkən deyib.
Bütün erməni tarixinin konfliktogen resurs üzərində qurulduğunu söyləyən politoloqun sözlərinə görə, Rusiyanın erməniləri Qərbə qarşı işlətmək təcrübəsi var:
“Amma bunlar epizodikdir. Qərbin isə erməniləri Rusiyaya qarşı işlətmək istiqamətində təcrübəsi çoxdur. Ermənilər buna uyğun ixtisaslaşıblar və Qərb Rusiyaya qarşı total mübarizə aparmaqda maraqlıdır. Rusiyada isə belə maraq yoxdur, ermənilər buna inanmırlar. SSRİ-nin dağılmasında iştirak edən ermənilər fikirləşirlər ki, ABŞ üçün Rusiyanın dağıdılması yaxınlarda aktual mövzuya çevriləcək. Ona görə, S.Sarkisyan daxil olmaqla bütün ermənilər ABŞ-da mövqe qazanmağa çalışırlar.
Sarkisyan nazir işləyən zaman Rusiya ərazisində sənaye və ticarət obyektlərinə, mülklərə malik idi. Prezident olarkən Rusiyadakı mülklərini satıb ABŞ-ın mənzil fonduna köçürdü. İndi qardaşı onun ABŞ-dakı mənzil mülklərini idarə edir. SSRİ-nin dağılmasında ermənilərin fəal iştirak etdiyini rəsmən etiraf edən S.Sarkisyandır. SSRİ-ni ermənilər üçün cəhənnəm adlandıran S.Sarkisyandır. Bu istiqamətdə çoxlu faktlar var. Amma rus ekspertləri, siyasiləri bu faktları görmək istəmir. Çünki Rusiyanın bütün vacib mətbu orqanları, xarici işlər nazirliyi və bəzi digər dövlət qurumlarında ermənilərin təsiri güclüdür”.
Rusiyada Ermənistandakı hadisələrin ABŞ tərəfindən təşkil edildiyindən ehtiyatlandıqlarını deyən M.Əhmədoğlu Rusiyanın ermənilərin təsiri altında olmasının səbəblərinə də aydınlıq gətirib:
“Vaxtaşırı tədqiqat aparmaq adı altında bir qrup rus eksperti Ermənistana gəlir. Son hadisələr zamanı isə Rusiya Təhlükəsizlik Şurasının bir qrup eksperti Ermənistana səfər etdi. Rusiyada Ermənistandakı hadisələrin ABŞ tərəfindən təşkil edildiyindən ehtiyatlanır. Bunların da Ukraynadakı Maydan hadisələrinə çevriləcəyinin əlamətlərini axtarırlar. Bəlkə də rusların səhvi də elə buradadır. Ruslar ermənilərin mahiyyətini tanısalar və ermənilər başa düşsələr ki, ruslar onların mahiyyətini tanıyıb, bu zaman ermənilər rusların sadiq nökərinə çevriləcəkdi. Ermənilərin bunu anlaması üçün Rusiya açıq şəkildə erməni dövlətinin Cənubi Qafqazda necə yaradıldığını izah etməlidir. “Rus Ermənistanı”, “Kiçik Ermənistan” terminlərinin mahiyyəti arxiv materialları ilə izah olunmalıdır. Qarabağa ermənilərin köçürülməsi ilə bağlı arxiv materiallar açıqlanmalıdır. Eləcə də Zəngəzurun Ermənistana verilməsinin səbəbi göstərilməlidir. İndi bunun tam əksi olan proseslər baş verir.
Levon Ayrapetyan Dağlıq Qarabağ ermənisi olaraq vaxtı ilə ailəsi ilə birlikdə Ermənistandan Rusiyaya köçərkən cibində cari xərclər miqdarında pulu var idi. Sonradan Rusiyada qazandığı pulların hesabına ABŞ prezidenti Barak Obamanın şəxsi dostuna çevrildi, onun şəxsi məclislərinin başında otururdu. B.Obamanın yanında mövqeyi möhkəmləndikcə ABŞ prezidentinin V.Putinə münasibəti pisə dəyişirdi. Oxşar taleyi “Amerikabank”ın direktoru R.Vardanyan da yaşayır. Rusiyanın hesabına milyarderdir, Ermənistanda ingilis dilinin inkişafına yüzlərlə milyon dollar xərcləyir. Ermənistanda Elmi-texniki inkişaf fondu yaratdı. Ora 10 milyon dollar vəsait ayırdı. R.Vardanyan Ermənistanda rus dilinin və rus mədəniyyətinin inkişafı üçün bir qəpik də olsun vəsait ayırmayıb. R.Vardanyan kimi ermənilər Kremldə qapıları təpiklə açırlar. Nə qədər belə hadisələr var, rus siyasiləri və ekspertləri erməniləri ölməz kimi qəbul edəcəklər. Ona görə, Rusiya həmişə ermənilərin təsiri altında olacaq”.
1news.az