SAM ərəb dillində “Dağlıq Qarabağ və beynəlxalq hüquq: münaqişənin kökləri və həlli variantları” adlı kitab nəşr edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ərəb dillində “Dağlıq Qarabağ və beynəlxalq hüquq: münaqişənin kökləri və həlli variantları” adlı kitab nəşr edib.
1news.az-a SAM-dan verilən xəbərə görə, kitabın müəllifi Misirli alim və politoloq, “Dialoq” siyasi və media araşdırmalar mərkəzinin müdiri Dr. Taha Əhməddir.
Müəllif ərəb oxucusuna Azərbaycanın Dağlıq Qarabağ regionunun siyasi tarixindən kifayət qədər məlumat verməklə yanaşı, münaqişənin beynəlxalq hüquq prizmasından ətraflı şəkildə təhlil edir.
Kitabda Qarabağ regionu qədim dövrdə, Qarabağ müxtəlif Müsəlman və türk dövlətlərin tərkibində, Qarabağ xanlığı, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, “erməni dövlətinin yaranması”, Dağlıq Qarabağ Azərbaycan Demokratik Respublikasının tərkibində (1918-1920), Dağlıq Qarabağ SSRİ dövründə, “Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqların işğalı" kimi mövzular öz əksini tapıb.
Tarixi-siyasi ekskursundan sonra, müəllif Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq nöqteyi-nəzərdən baxır, Dağlıq Qarabağ münaqişəsinə aid beynəlxalq təşkilatların qərarları və qətnamələri təhlil edir. Qeyd edək ki, kitabda Dağlıq Qarabağ münaqişəsinə aid beynəlxalq qərarlar ilk dəfə ərəb dilində diqqətlə öyrənilir və müzakirə olunur.
Kitabın müəllifi vurğulayır ki, beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çoxdan bərpa olunmalı idi. Kitabda qeyd edilir ki, münaqişənin həlli məsələsində beynəlxalq strukturların passivliyi, ikili standartlar və Ermənistanın Azərbaycan Respublikasına qarşı 20 ildən çox davam edən təcavüzü, həm regional, həm də beynəlxalq təhlükəsizlik üçün böyük təhdid mənbəyidir.
1news.az