Mübariz Əhmədoğlu: “Permyakov təxribatı müəllifi Ohanyan idi”
“Gümrüdə altı nəfərlik ailəni güllələmiş rus hərbçisi V.Permyakov ömürlük həbs cəzasına məhkum edildi. Amma onun Ermənistan həbsxanasında cəza çəkməsi qeyri-mümkündür”.
1news.az xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu söyləyib.
O bildirib ki, çox böyük ehtimalla o, cəzasını Rusiyanın ərazisində çəkəcək:
“Gümrüdəki hərbi baza da RF-in ərazisidir. Məhkəmə prosesinin başa çatmasına baxmayaraq, Permyakovun qətl törətməsinin səbəbləri açıqlanmadı. Ailənin qətlinin baş verdiyi zaman bizim ən çox söykəndiyimiz versiya ER müdafiə naziri S.Ohanyanın rəhbərliyi ilə Rusiyanın Ermənistandakı hərbi bazasına qarşı təxribatın hazırlanması versiyası idi”.
Politoloq deyib ki, NATO və Aİ RF hərbi bazasının Ermənistandan çıxarılmasına həmişə cəhdlər ediblər:
“Ermənistan Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bir neçə dəfə RF ordusunun Ermənistandan çıxarılması məsələsini müzakirə edib. Bu məsələdə ən yaxşı mənbə bu danışıqları aparan, Ermənistanın keçmiş baş naziri, bu ölkənin ABŞ-dakı keçmiş səfiri,i ndi Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sərkisyandır. S.Ohanyan o zaman NATO rəhbərliyində olan amerikalı general F.Bridlav və amerikalı baş kurator A.Verşbou ilə sıx əlaqədə idi”.
Ukrayna hadisələri fonunda hər iki NATO rəsmisinin Rusiyanı İŞİD-ə tay hesab etdiklərini xatırladan M.Əhmədoğlu sözlərinə əlavə edib ki, NATO və ABŞ Rusiyanın hər hansı formada cəzalanmasına çalışırdılar:
“Ona görə, S.Ohanyan yuxarıda adı çəkilən iki NATO rəsmisinin göstərişi ilə bu təxribatı hazırladı. ABŞ dini sektasının təsiri altında olan şəxsin Sibirdəki hərbi hissələrin birindəki xidmətini dayandıraraq Ermənistana RF-in hərbi bazasına ezam olunması yalnız xüsusi qaydada, ciddi şəkildə idarə olunan prosedura nəticəsində mümkündür. S.Ohanyan bu proseduru qurdu, ona rəhbərlik etdi. Nəticədə, Rusiya hərbi bazasına qarşı təxribat baş tutdu. Amma Moskvanın operativ müdaxiləsi və savadlı siyasəti nəticəsində Gümrüdəki etiraz aksiyaları ümum Ermənistan miqyasına böyümədi. Beləliklə, Rusiyanın hərbi bazasının Ermənistanda bağlanması ideyası aktuallaşmadı. Ermənilər SSRİ dağılmaq ərəfəsində olarkən keçmiş SSRİ-nin 7-ci ordusunu çıxarmaq üçün buna bənzər təxribatlardan istifadə etmişdi. ER müdafiə naziri S.Ohanyana neqativ münasibətin kökündə dayanan əsas məsələlərdən biri də budur. RF Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəisinin Ermənistana səfəri bu kontekstdən diqqəti çəkir”.
1news.az