İlham Əliyev xalq artisti Oqtay Zülfüqarovun vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri xalq artisti, görkəmli bəstəkar Oqtay Qədir oğlu Zülfüqarovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, nekroloqda deyilir:
Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqustun 31-də ömrünün 88-ci ilində vəfat etmişdir.
Oqtay Zülfüqarov 1929-cu il may ayının 31-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin, 1951–1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində oxumuş, 1952–1958-ci illərdə isə burada bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
Əmək fəaliyyətinə hələ tələbə ikən 1949-cu ildə 1 saylı musiqi məktəbində violonçel müəllimi kimi başlayan Oqtay Zülfüqarov, eyni zamanda, müxtəlif mədəniyyət evlərində də xormeyster kimi çalışmış, 1958–1962-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində musiqi redaktoru, səs rejissoru, 1965–1967-ci illərdə Respublika Xalq Yaradıcılıq Evində metodist, 1968–1991-ci illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi, redaktor, şöbə müdiri vəzifələrində işləmişdir. 1991–2012-ci illərdə o, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru və bədii rəhbəri olmuşdur.
Oqtay Zülfüqarovun ilk musiqi əsərləri tələbəlik illərində işıq üzü görmüşdür. Onun altmış ildən artıq bəstəkarlıq fəaliyyəti müxtəlif janrları əhatə edir. Bəstəkarın əsərləri arasında konsert, simfoniya, kantata, kamera-instrumental musiqi və romanslar vardır. Oqtay Zülfüqarovun sənətə və xalqa həqiqi xidmət nümunəsi olan yaradıcılığı gənc nəslin milli-mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olan Oqtay Zülfüqarov rəngarəng yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir.
Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Oqtay Zülfüqarovun böyük xidmətləri olmuşdur. Onun öz sadəliyi və rahat qavranılması ilə seçilən əsərləri, eyni zamanda, dərin milli-mənəvi ruh, zəngin kolorit və yaddaqalan ritmləri ilə səciyyələnir. Geniş yaradıcılıq diapazonuna malik Oqtay Zülfüqarov musiqisində ənənəyə sədaqət müasirliklə harmonik vəhdət təşkil edir. Onun kino və teatr musiqisi sahəsində fəaliyyəti də təqdirə layiqdir. Sənətkarın müxtəlif dövrlərdə yaratdığı əsərlər musiqişünaslar tərəfindən yüksək qiymətləndirilmişdir.
Oqtay Zülfüqarovun bəstələdiyi uşaq mahnıları ona xüsusi şöhrət qazandırmışdır. Onun “Telefon”, “Qatar”, “Kim sevirsə idmanı” və başqa mahnıları bir neçə nəslin dillər əzbəri olmuşdur. Uşaqlar üçün yazdığı balet, nağıl-opera və digər əsərləri ilə o, gənc musiqi həvəskarlarının sevimlisinə çevrilmişdir. Bəstəkarın rəhbərliyi altında yaranan uşaq kollektivləri, o cümlədən Azərbaycan Dövlət Uşaq Filarmoniyası gənc nəslin bədii-estetik tərbiyəsində böyük rol oynamışdır.
Azərbaycanın müasir musiqi mədəniyyətinin inkişafı və təbliğində Oqtay Zülfüqarovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, bir sıra fəxri adlara, orden və medallara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tanınmış bəstəkar və mahir pedaqoq, səmimi insan Oqtay Qədir oğlu Zülfüqarovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır”.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Arif Məlikov
Firəngiz Əlizadə
Fərhad Bədəlbəyli
Siyavuş Kərimi
Tofiq Bakıxanov
Xəyyam Mirzəzadə
Ramiz Zöhrabov
1news.az