Naxçıvanda çörək festivalı keçirilib
Avqustun 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Naxçıvan çörəkləri” festivalı keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbirin aparıcıları qeyd ediblər ki, Azərbaycanda çörək əsrlərdən bəri bolluq və bərəkət rəmzi sayılıb. Tarixboyu çörək andımız, alqışımız olub. Böyüklərimiz dostluğu daha da möhkəmləndirmək üçün duz-çörək kəsiblər. Qonaq gələndə süfrəyə birinci duz-çörək gətirilib. Bu ilin may və iyun aylarında muxtar respublikada “Yaradıcı əllər”, “Göycə” və “İstedadlı uşaqlar” festivalları keçirilib. Bu gün keçirilən “Naxçıvan çörəkləri” festivalı da muxtar respublikanın bölgələrinə xas müxtəlif çeşidli çörək növlərinin və onların hazırlanması qaydalarının nümayişi baxımından olduqca əhəmiyyətlidir.
Festivalda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Pərviz Fətullayev çıxış edərək deyib ki, muxtar respublikada enerji təhlükəsizliyi ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunması da diqqət mərkəzində saxlanılır. Ərzaq təhlükəsizliyinin təminatında isə taxılçılığın inkişafı mühüm yer tutur. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəyən əsas sahədir. AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitinə uyğun onlarla yerli və məhsuldar taxıl sortu müəyyənləşdirilərək əkininə başlanılıb. Hazırda muxtar respublikada 15 taxıl anbarı və gündəlik istehsal gücü 432 ton olan 15 taxıl emalı müəssisəsi fəaliyyət göstərir.
Qeyd olunub ki, çörək milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. Çörək tarixən xalqın sərvəti olmaqla yanaşı, həm də qüdrəti hesab olunub. Xalqımız qədim zamanlardan çörəyə xüsusi münasibət bəsləyib, çörəklə bağlı atalar sözü və məsəllər yaradıb. Çörək bəşər övladına 15 min il bundan əvvəl məlum olub. Məhz bu səbəbdən çörəyin tarixi bəşəriyyətin yarandığı gündən hesablanır. Bəşəriyyətin beşiyi olan Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı isə kömürləşmiş buğda və arpa, eləcə də müxtəlif formalı təndirlər tapılıb. Bu da Naxçıvanda buğda bitkisinin becərilməsinin və çörək hazırlanmasının qədim tarixə malik olduğunu göstərir.
P.Fətullayev deyib ki, Naxçıvanda çörək bir qayda olaraq təndirdə, çuğun və gil saclarda, həmçinin, xüsusi soba və kürələrdə bişirilir. Muxtar respublikanın bütün yaşayış məntəqələrində çörəyin bişirilməsi tarixən xüsusi mərasimlərlə qeyd edilib. Lavaş, tapı, darı, cadı, dəstana, bozdamac, sac lavaşı, nazik, qalın, çıppa, bombu, kömbə, fətir, bəysumat, xamralı tarixən Naxçıvan mətbəxinə aid olan çörək növləridir. Bu çörək növləri bu gün də süfrələrimizin ən ləziz neməti hesab olunur. Bu gün Naxçıvan Muxtar Respublikasında 124 çörək istehsalı müəssisəsi fəaliyyət göstərir və bunlarda əhalinin tələbatına uyğun olaraq 25 çeşiddə çörək istehsal olunur. Son illər Culfa rayonunun Camaldın, Kırna və Saltaq kəndlərində qədim su dəyirmanlarının bərpa olunması da bu sahədə görülən işlərin tərkib hissəsidir. Hazırda bu su dəyirmanlarında insan sağlamlığı üçün faydalı və ekoloji cəhətdən təmiz un istehsal olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin muxtar respublikada xalq yaradıcılığı günlərinin keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq milli dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması və yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Milli dəyərlərimizin bir parçası olan Naxçıvan mətbəxinin öyrənilməsi də diqqət mərkəzində saxlanılır, milli mətbəx nümunələrimiz geniş təbliğ olunur. “Naxçıvan çörəkləri” festivalının keçirilməsi də əsrlər boyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliği ilə yanaşı, həm də bu mədəniyyətin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
P.Fətullayev “Naxçıvan çörəkləri” festivalının keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə festival iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, festival açıq elan olunub.
Sonra tədbir iştirakçıları Naxçıvan çörəklərinin sərgi-satışı və bişirilməsi ilə tanış olublar.
Məlumat verilib ki, festivala Naxçıvan mətbəxinin ayrılmaz parçası olan çörək nümunələri çıxarılıb. Muxtar respublikanın hər bölgəsinin özünəməxsus mətbəxi olduğu kimi, həm də müxtəlif formalarda bişirilən çörək nümunələri vardır. Naxçıvan ərazisində aşkar olunan çörək məmulatları, çörək bişirilməsi üçün istifadə olunan əşyalar və əkinçilik alətləri əcdadlarımızın zəngin məişət mədəniyyətinə malik olduğunu təsdiq edir. Bu gün öz dadı və keyfiyyəti ilə seçilən, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı olan Naxçıvan çörəklərinə tələbat artır. Hazırda muxtar respublikanın çörək istehsalı müəssisələrində kürə çörəyi, lavaş, çovdar və qarğıdalı çörəkləri, yağlı dəstana və digər çörək növləri ilə yanaşı, həm də hazırlanma forması min illərdir davam edən qədim çörək nümunələri də bişirilir.
Festivalda “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin, o cümlədən çörək istehsalı ilə məşğul olan 25 fiziki və hüquqi şəxsin hazırladığı müxtəlif çörək çeşidlərinin sərgi-satışı və bişirilməsi təşkil edilib, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və rəqs ansamblının çıxışı iştirakçılara xoş ovqat yaşadıb. Çörək festivalı Naxçıvan mətbəxinin zənginliyini bir daha nümayiş etdirməklə yanaşı, muxtar respublikaya gələn turistlərin də böyük marağına səbəb olub.
Festival çərçivəsində “Ən dadlı çörək” nominasiyası üzrə müsabiqə keçirilib, qaliblərə diplom, “Naxçıvan mətbəxi” kitabı və hədiyyələr təqdim olunub.
1news.az