İlham Əliyev Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları üçün ən yüksək nəticələrə görə mükafatları müəyyən edib
Azərbaycan Prezidenti İlham Əliyev “Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumata əsasən, Sərəncamda deyilir:
“Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə,
1.XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1.birinci yer tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
1.2.ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
1.3.üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.
2. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll etsin”.
1news.az