Mərkəzi Asiyada yeni dönəm: "postKərimov'' mərhələsini nələr gözləyir? – Newtimes.az
Uzun illər Özbəkistana rəhbərlik edən İslam Kərimovun həyatdan getməsi ilə Mərkəzi Asiyada ümumi siyasi mənzərənin ciddi dəyişə biləcəyi barədə proqnozlar verilir. Ekspertlər məsələyə ölkədaxili, regional və qlobal kontekstdə yanaşırlar. Müxtəlif ssenarilər irəli sürülür. Onların hər birində İ.Kərimovun həmin bölgənin sabitliyində əhəmiyyətli rol oynamış siyasi xadim olduğu vurğulanır.
Məhz rəsmi Daşkəndin atdığı təsirli addımlar sayəsində 1992-ci ildən başlayaraq Mərkəzi Asiyada bir sıra təhlükəli proseslərin qarşısı alınıb. Ekspertlərin bundan sonra həm Özbəkistanda, həm də bütövlükdə Mərkəzi Asiyada geosiyasi proseslərin hansı məzmun kəsb edə biləcəyi barədə proqnozları maraqlıdır. Məsələyə münasibət fərqli olsa da, mümkün ssenarilərin təhlili göstərir ki, region üçün sabitliyin təmini yenə də prioritet məqsəd olmalıdır. Lakin hər şeyi zaman həll edir. Buna görə də fikirlərdə və proqnozlarda ehtiyatlı olmaq lazımdır.
Sabitliyin təminatı: İslam Kərimovun əsas xidmətlərindən biri
İslam Kərimov öz təcrübəsi, siyasi qətiyyəti və mövqeyi ilə Mərkəzi Asiya regionunda xüsusi yeri olan dövlət xadimi idi. Onun rəhbərliyi dövründə Özbəkistan müstəqil siyasi xətt yeridib. O cümlədən Özbəkistan Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə pisləyib və Bakının haqlı mövqeyini dəstəkləyib. Bundan başqa, İ.Kərimov ölkənin sabitliyi və terrordan müdafiəsi üçün çox işlər görüb. Ekspertlərin fikrinə görə, onun həyatdan getməsi ilə ümumən Mərkəzi Asiyada terror təhlükəsi arta bilər.
Şübhəsiz ki, təcrübəli bir siyasətçinin səhnədən çəkilməsi ilə regionun siyasi səhnəsində hansı proseslərin gedəcəyi üzərində düşünmək lazım gəlir. Artıq analitiklər bu məsələyə dair fikirlərini bildirirlər. Maraqlıdır ki, bir-birindən fərqli ssenarilər haqqında danışılır, lakin onların hər biri üçün ortaq olan məqamlar da mövcuddur.
Hər şeydən əvvəl, Özbəkistanın daxilində siyasi qüvvələrin mübarizəsi kontekstində fikir bildirirlər (bax: məs., Узбекистан: расклад сил после смерти Каримова / "ТАСС", 2 sentyabr 2016 və Эксперты: элита Узбекистана пришла к консенсусу, чтобы сохранить власть / "РИА Новости", 3 sentyabr 2016). Karnegi fondunun eksperti A.Malaşenkoya görə, İ.Kərimovun ən böyük uğurlarından biri ölkədə sabitlik yaratması olub. Ekspert Y.Mavaşev də hesab edir ki, Özbəkistan kimi dini cəhətdən mürəkkəb olan bir məkanda İ.Kərimovun sabitlik faktoru rolunu oynaması adi hadisə deyil. Qonşu Tacikistan və Qırğızıstandan fərqli olaraq, Özbəkistanda etnik münaqişələrdən yaxa qurtarmaq mümkün olub (bax: Узбекистан: расклад сил после смерти Каримова / "ТАСС", 2 sentyabr 2016).
Bütövlükdə Özbəkistan Mərkəzi Asiya regionunda əhəmiyyətli rol oynayıb. 1992-ci ildə Tacikistanda vətəndaş müharibəsi zamanı Daşkənd bu ölkəyə 50 minlik hərbi kontingent göndərib, 1999-cu ildə Batken hadisələri zamanı Qırğızıstanı Tacikistandan olan radikal dinçilərdən müdafiə etmək üçün hərbi dəstək verib. 2005-ci ildə isə Əndican üsyanını İ.Kərimov bir günə yatırda bilib (bax: əvvəlki mənbəyə).
Bu kimi ciddi addımların fonunda Özbəkistanda daxili siyasi qüvvələr arasında hər hansı qarşıdurma olmayıb. Həmin vəziyyətin İ.Kərimovdan sonra saxlanması gözlənilir. Qərb ekspertləri məsələnin bu aspektini ayrıca vurğulayırlar. Ekspertlər E.Makqlinçi və Ş.Roberts bu barədə fikir bildirərək yazırlar ki, "özbək elitası siyasi sistemin saxlanmasında çox maraqlıdır..." (bax: Эксперты: элита Узбекистана пришла к консенсусу, чтобы сохранить власть / "РИА Новости", 3 sentyabr 2016).
Bununla yanaşı, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, ekspertlər rəsmi Daşkəndin bir sıra çağırışlarla da üz-üzə qalacağına diqqət çəkirlər. Onların sırasında terror və böyük dövlətlərin regional nüfuz uğrunda mübarizəsi xüsusi qeyd edilir. Özbəkistan əsilli gənclərin Suriyada İŞİD sıralarında döyüşdüyü haqqında informasiyalar yayılır. Bu yaxınlarda Tacikistan xüsusi təyinatlılarının keçmiş komandirinin İŞİD-in hərbi qanadına rəhbər təyin edilməsi əlavə təhlükə doğurur. Bu terror təşkilatının Mərkəzi Asiyaya istiqamətləndirilməsinin mümkünlüyü vurğulanır. Digər yandan isə "əl-Qaidə"nin İŞİD-dən sonra daha da fəallaşacağı barədə proqnozlar verilir. Məlumdur ki, bu terror təşkilatı Mərkəzi Asiyada xeyli güclüdür. Əfqanıstanda son zamanlar onun bir vilayəti də ələ keçirməsi ciddi siqnaldır.
Gələcəyə baxış: region uğrunda mübarizənin gərginliyi və ziddiyyətləri
Bu məqamların Özbəkistanda daxili siyasi mühitə təsir edə biləcəyi proqnozlaşdırılır. İ.Kərimovun davamçısı kimi baş nazir Ş.Mirziyoyevin adı çəkilir. Onun hüquq-mühafizə orqanlarında ciddi dayaqlarının olduğu qeyd edilir. Bu baxımdan Daşkəndin terrora qarşı sərt mövqeyinin dəyişməyəcəyini gözləmək olar. Lakin onu da unutmaq doğru olmazdı ki, yaranmış vəziyyətdən istifadə edərək, kənardan Özbəkistanda siyasi mühiti qarışdırmağa da cəhd edilə bilər. Gizli təxribatlara qarşı Özbəkistan hüquq-mühafizə orqanlarının nə dərəcədə qətiyyətli olacağından çox şey asılıdır.
Analitiklər başqa vacib bir özəlliyə də diqqət yönəldirlər. Söhbət böyük geosiyasi güclərin İ.Kərimovdan sonra Mərkəzi Asiya istiqamətində yeridəcəyi siyasətdən gedir. Bununla bağlı artıq bir sıra fikirlər ifadə edilir (bax: məs., Узбекистан без Каримова: между Востоком и Западом / "РИА Новости", 2 sentyabr 2016 və Мы его теряем: Какую угрозу для России несут перемены в Центральной Азии / "Газета.Ру", 30 avqust 2016). Burada ekspertlər əsas olaraq Rusiya, ABŞ və Çin arasında gedən nüfuz savaşını təhlil etməyə çalışırlar.
Bu üç böyük dövlətin regionda fəallaşacağı təxmin edilir. Lakin onların şanslarının fərqli olduğu da qeyd edilir. Pekinin imkanlarının daha geniş olduğu vurğulanır. Belə ki, 2000-ci ildən bu yana Çin regiona sərmayə qoyuluşunu 50 dəfə (!) artıraraq 1,8 milyard ABŞ dollarından 50 milyarda çatdırıb (bax: Мы его теряем: Какую угрозу для России несут перемены в Центральной Азии / "Газета.Ру", 30 avqust 2016). Rəsmi Pekin yalnız enerji sahəsi ilə məhdudlaşmayıb kənd təsərrüfatı və sənayeyə də böyük sərmayələr qoyur. Qazaxıstanda bu proses o qədər dərinə işləyib ki, başqa dövlətlər onun qarşısını almaq üçün müəyyən təxribatlara belə əl atırlar.
Çin əlavə olaraq hərbi sahədə də region ölkələri ilə əməkdaşlığa diqqət yetirir, maliyyə və mədəniyyət aspektlərində əlaqələri genişləndirir. Bununla da Çin regionda Rusiyaya qarşı ciddi rəqiblərdən biri hesab edilir. Hətta bir sıra rusiyalı ekspert söhbətin Rusiyanın maraqlarına olan təhlükələrdən getdiyini vurğulayır (bax: əvvəlki mənbəyə).
ABŞ-a gəldikdə isə, Vaşinqtonla İ.Kərimov sıx əməkdaşlıq etmirdi. O, bütövlükdə Rusiya, Çin və ABŞ-la müəyyən məsafə saxlayırdı. Koreya, Türkiyə və İranla da əlaqələrə məhdud imkanlar verirdi. Faktiki olaraq İ.Kərimov Moskva ilə Vaşinqton arasında olan ziddiyyətlər üzərində oynayırdı. Ekspert E.Makqlinçi hesab edir ki, indi rəsmi Daşkəndin Moskva, Vaşinqton və Pekinlə daha yaxın əlaqələr qurması yaxşı olardı.
Ancaq Özbəkistan dövlətçiliyinin maraqları baxımından burada bir məqamı mütləq vurğulamaq lazımdır. Bu ölkə strateji-coğrafi və geosiyasi mövqeyə malikdir. Onun Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Əfqanıstanla ortaq sərhədləri var. Eyni zamanda, ölkə Çindən başlayan Yeni İpək Yolu marşrutunun üstündəndir. Bu amillər Özbəkistanı müxtəlif kənar təsirlərə çox həssas edir. Onun ərazisinə fərqli istiqamətlərdən pozucu elementlər daxil olmağa çalışar. Böyük dövlətlərin də geosiyasi mübarizədə həmin məqamdan istifadə etməyəcəyinə təminat yoxdur. Çünki onlardan hər hansı birinin maraqlarına ciddi ziyan vurulsa, dərhal reaksiya verməyə çalışacaqlar.
Mərkəzi Asiyada da münaqişə yaratmaq üçün müxtəlif əsaslar vardır. Özbəkistanla Qırğızıstan arasında etnik zəmində, Qazaxıstan-Özbəkistan münasibətlərində də etnik aspektdə, Özbəkistanla Tacikistan arasında içməli su məsələsinə görə ziddiyyətlər mövcuddur. Sovetlər dövründən qalan süni inzibati bölgülər, əsassız olaraq etnik anklavların yaradılması kimi faktorları da unutmaq olmaz.
Deməli, Özbəkistan hakimiyyətindən güclü siyasi nüfuzu olan insanın getməsi bütövlükdə regionu müəyyən həssas məqamlarla üz-üzə qoya bilər. Bu mənada yeni özbək iqtidarının üzərinə böyük məsuliyyət düşür. Ölkənin və regionun sabit gələcəyi naminə bu qardaş dövlətdə proseslərin müsbət istiqamətdə gedəcəyinə inanırıq.