Beynəlxalq Bankın işi üzrə təqsirləndirilənlərdən biri eks qaynanasının adına kredit götürməsini xahiş edib
Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və bankın digər filiallarının direktorları İlqar Abdullayev və Yusif Ələkbərovun, “İnter Security” MMC-nin baş direkoru İbrahim Hüseynov və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
1news.az məhkəmə zalındakı müxbirinin verdiyi məlumata görə, məhkəmə hakim Əfqan Hacıyevin sədrliyi ilə aparılıb.
Bugünkü iclasda C.Hacıyevin vəkili – Fəxrəddin Mehdiyev əvvəlki iclasların protokolları ilə tanış olmaq üçün məhkəməyə vəsatət verib. Hakim islasın sonunda vəkilə proseslə tanış olmaq üçün üç gün veriləcəyini qeyd edib.
Daha sonra şahidlərin ifadəsi alınıb. Azad Cavadovun qaynı bəyan edib ki, Azadın evindən soyuq silah kimi götürülmüş xəncər onun ad günü hədiyyəsidir:
“Bu xəncəri 2003-cü ildə Azad üçün 28 May metrostansiyasındakı mağazadan almışam”.
A.Cavadovun sabiq qaynanası – Emma Həsənova bildirib ki, onun adına kredit götürülməsini kürəkəni xahiş edib.
Beynəlxalq Bankın Səbail filialının rəhbəri Ehtiram Əliyev bildirib ki, C.Hacıyevdən hər hansı göstəriş almayıb və kreditlərin necə sənədləşdirilməsindən danışıb.
Şahidlər həmçinin prokuror və vəkillərin suallarını da cavablandırıblar.
Məhkəmə prosesində digər şahidlər – 6 nəfər çıxış etməli idi, lakin onlar iclasa gəlməyiblər. İclasdan sonra məhkəmə kollegiyası bu gün çıxış edən şahidlərin ifadələrini növəti iclaslarda iştirak üçün polisə göndərməklə bağlı qərar qəbul edib.
Məhkəmə prosesi sentyabrın 14-də davam edəcək.
Xatırladaq ki, C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Bununla yanaşı, C.Hacıyev fiziki şəxslərə verilmiş 47 milyon 144 min manat krediti mənimsəyib.
Ümumilikdə isə, C.Hacıyev Azərbaycan Beynəlxalq Bankına 211 milyon 597 min manat civarında ziyan vurub.
Onun həyat yoldaşı – Zamirə Hacıyeva istintaqdan yayınsa da, onun barəsində qiyabi həbs qəti-imkan tədbiri çıxarılaraq axtarışa verilib.
C.Hacıyevin məhkəmə prosesi avqustun 15-də başlanılıb və avqustun 24-nə qədər davam edib.
Mövzu ilə əlaqədar oxuyun:
Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib
1news.az