Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib
Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardan şikayəti üzrə məhkəmənin növbəti iclası davam etdirilib.
1news.az “Report”a istinadən xəbər verir ki, un məlumatına görə, hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə MTRŞ-nın nümayəndəsi Nemət Cavadov ANS-in iddiasına etiraz etdiklərini bildirib.
Onun sözlərinə, MTRŞ ANS-ə bir il ərzində 26 dəfə sanksiya tətbiq edib:
“Buna görə də radionun fəaliyyətinə xitam verilib”.
ANS-in nümayəndəsi Sevda Məhərrəmova isə vurğulayıb ki, qanuna əsasən, lisenziyanı İqtisadiyyat Nazirliyi verir.
S.Məhərrəmova məhkəmədən xahiş edib ki, ötən proseslərdə qaldırdıqları vəsatərlərə yenidən baxılsın. Məhkəmə ANS-in vəsatlərinə yenidən baxıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib.
Daha sonra hakimlər kollegiyası müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə qərarı elan edib. Qərara əsasən, ANS-in iddiası və ərizəsi təmin edilməyib.
Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir ) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM-ə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Daha sonra ANS ÇM məhkəməyə müraciət edib. Şirkət ANS ÇM-in lisenziyasının ləğv edilməsi ilə bağlı qərarın ləğv olunmasını və MTRŞ-dan 1 milyon manat tələb edir.
1news.az